Tezliklə sülh olmayacaq

Sadəcə, Rusiyanın hazırkı təcrid olunmuş vəziyyəti və ciddi şəkildə zəifləməsi müəyyən ümidlər doğurur


  Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında Vaşinqtonda aparılan ikitərəfli danışıqlar başa çatıb. ABŞ Dövlət Departamenti məlumat yayıb ki, "Corc Şultz Milli Xarici İşlər Təlim Mərkəzi"ndə keçirilən 4 günlük müzakirələrin bağlanış sessiyasında dövlət katibi Entoni Blinken də iştirak edib. Departamentin mətbuat katibinin müavini Vedant Patel deyib ki, rəsmi Vaşinqton Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu davamlı sülhə nail olmaq üçün açar sayır. O qeyd edib ki, Amerika Birləşmiş Ştatları Bakı və İrəvan arasında birbaşa dialoqun mümkünlüyünə inanır. Patel əlavə edib ki, Qafqaz danışıqları üzrə baş müşavir Lui Bono bu prosesdə fəal iştirak etməkdə davam edir. Ermənistanın “Hraparak” qəzeti yazıb ki, xarici işlər nazirlərinin danışıqlarında Azərbaycanın Ermənistandakı anklavlarının qaytarılması da müzakirə olunub. Nəşr rəsmi mənbəyə istinadla Ermənistanın danışıqlarda münasibətlərin normallaşdırılması haqqında sazişi imzalamağa məcbur edildiyini iddia edib. Məlumatda Qarabağ məsələsinə də diqqət çəkilib: “Ermənistan buna qarşı deyil və çoxdan açıq şəkildə bəyan edib ki, Qarabağ məsələsini sənədin imzalanmaması üçün ilkin şərt hesab etmir. Qarabağ erməniləri üçün təhlükəsizlik zəmanəti almaq şərti ilə bölgəni faktiki olaraq Azərbaycanın bir hissəsi kimi tanımağa hazırdır”. Qəzet müzakirələrin həm də anklavlardan getdiyinə diqqət yönəldib. 

  Azərbaycan Demokratik Partiyasının sədr müavini Həsrət Rüstəmov "Şərq"ə açıqlamasında vurğulayıb ki, ABŞ-də keçirilən görüş sülhün əldə edilməsi və regiondakı siyasi münasibətlərin gələcək inkişafı baxımından əhəmiyyətlidir. Partiya təmsilçisinin sözlərinə görə, xüsusilə Cənubi Qafqazda sülhün və əmin-amanlığın əldə edilməsi məsələsinin Rusiyanın himayəsindən çıxarılması baxımından bu danışıqlar önəmlidir: "Amma uzun müddət ABŞ-nin Rusiya və Fransa ilə birlikdə guya Azərbaycan-Ermənistan arasında sülh əldə edilməsi üçün fəaliyyətini də nəzərə almalıyıq. Qərbin mövqeyi məsələyə ədalətli yanaşma baxımından Rusiya ilə o qədər də fərqlənməyib. O baxımdan indiki danışıqların nəticəsinə birmənalı optimist yanaşmaq qeyri-mümkündür. Sadəcə, Rusiyanın hazırkı təcrid olunmuş vəziyyəti və beynəlxalq proseslərdə mövqeyinin ciddi şəkildə zəifləməsi müəyyən ümidlər doğurur. ABŞ tərəfindən verilən müsbət siyasi diplomatik mesajlara baxmayaraq, bu görüşlərin tez bir zamanda konkret və ciddi nəticələrə səbəb olacağını düşünmürəm. Ona görə ki, Moskva dünyadakı siyasi nüfuzunu sürətlə itirsə də, çox təəssüf ki, bizim regionda təsir imkanları hələ də yüksək olaraq qalır. Başqa cür desək, Rusiyanın tamamilə çökməsini və ya imperiya ambisiyalarından imtina etməsini görmədən Cənubi Qafqazda davamlı sülhdən danışmaq o qədər də real görünmür".