2040-cı ilədək Füzulidə 50 min vətəndaşımız məskunlaşacaq

Qarabağ Azərbaycan iqtisadiyyatının əsas inkişaf lokomotivinə çevriləcək


  İşğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. 44 günlük Vətən müharibəsindəki tarixi Qələbədən sonra geniş tikinti-quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bütün infrastrukturlar yenidən qurulur. Tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayan Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yalnız öz iqtisadi gücünə arxalanaraq böyük işlər görür. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xaricdən borc istəmədən, daxili mənbələr hesabına Qarabağ və Şərqi Zəngəzuru qurub bərpa edir. Bu isə ondan xəbər verir ki, yaxın illərdə Qarabağ və Şərqi Zəngəzurda daha çox keçmiş məcburi köçkünlərin məskunlaşmasını müşahidə edəcəyik. Hazırda Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, "yaşıl enerji" və "sıfır tullantı" konsepsiyalarını tətbiq edir. İşğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. "Böyük Qayıdış"ın ilk uğurlu addımları Zəngilanın Ağalı kəndinə əhalinin dörd mərhələdə köçürülməsi ilə başlandı. Bundan sonra 2023-cü ilin mart ayında - Novruz bayramı ərəfəsində Tərtərin Talış kəndinə bir qrup əhali köçürüldü. 28 May - Müstəqillik Günündə isə Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim etdi. Ümumilikdə, Laçının bərpası istiqamətində ötən dövr ərzində böyük həcmdə işlər görülüb. İşğaldan azad edilmiş regionlarımızda yeni infrastrukturun qurulması, evlərin tikilməsi, o cümlədən yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində aparılan sürətli işlər onu deməyə əsas verir ki, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qovuşmaları uğurla davam etdirilir. Füzuli rayonuna qayıdış da Qarabağın tarixində əlamətdar hadisədir. Çünki işğal nəticəsində Füzuli şəhəri tamamilə dağıdılmışdı, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Füzuli şəhərini azad edən zaman Azərbaycanın üçrəngli bayrağını asmaq üçün hətta bir tikili belə tapmaq mümkün deyildi. Amma bu gün Füzuli yenidən qurulur. Avqustun 21-də isə Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən Füzuli şəhərinə daha bir köç karvanı yola salınıb. Bu mərhələdə 68 nəfərdən ibarət 24 ailə doğma şəhərinə qayıdıb. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı Zəfər nəticəsində keçmiş məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.
Qeyd edək ki, avqustun 18-də Füzuli şəhərinə ilk köç baş tutub, 90 nəfərdən ibarət olan 23 ailə doğma şəhərinə qayıdıb. Birinci mərhələdə Füzuli şəhərinə ümumilikdə, 144 ailənin (509 nəfər) köçürülməsi nəzərdə tutulur. Füzuli şəhəri 50 minlik əhalisi olan şəhərə çevriləcək və ilin sonuna qədər 800 ailə burada məskunlaşacaq. Mütəxəssislərin bildirdiyinə görə, Füzuli şəhəri, eləcə də Füzuli rayonu böyük iqtisadi potensiala malikdir. Ümumiyyətlə, ilkin qiymətləndirmələr göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası bütövlükdə Azərbaycan iqtisadiyyatına əlavə olaraq 10 faizə yaxın yeni dəyər gətirəcək. Bu da təbii ki, Qarabağın yaxın illərdə Azərbaycan iqtisadiyyatında lokomotivə çevriləcəyindən xəbər verir. Füzuli həm aqrar rayondur, həm də təbii ki, sənaye potensialı olan bölgələrimizdəndir. Füzulinin digər özəlliyi məhz turizm potensialının yüksək olmasıdır. Bu rayon, eyni zamanda Qarabağın hava qapısıdır. Belə ki, Füzuli Beynəlxalq Hava Limanının işə düşməsi, Zəngəzur dəhlizi, Horadiz, Zəngilan dəmir yolu xətti, eləcə də Horadiz-Ağbənd dəmir yolu və avtomobil yolunun artıq istifadəyə hazır olması ondan xəbər verir ki, rayon həm də bütövlükdə nəqliyyat və logistik baxımdan əhəmiyyətli mövqedədir. Təbii ki, bu da birbaşa Qarabağın inkişafına xüsusi töhfənin xəbərçisidir. Füzuli şəhərinin içməli və tullantı su sistemlərinin yaradılması layihəsi icra olunana qədər burada məskunlaşan əhalinin, eləcə də dövlət və özəl sektora aid binaların və obyektlərin içməli su ilə təmin edilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən layihə həyata keçirilib. Dövlət Su Ehtiyatları Agentliyinin yaydığı məlumatda bildirilir ki, Füzuli şəhərini içməli su ilə təmin etmək üçün Təxirəsalınmaz Tədbirlər Planı hazırlanıb. Plana əsasən, Füzuli şəhərində yeni içməli su təchizatı sistemləri yaradılanadək mövcud imkanlardan istifadə olunması qərara alınıb. Bu məqsədlə 1980-ci illərdə Quruçayın məcrasında tikilmiş və işğal dövründə yararsız hala salınmış drenaj sistemləri bərpa edilərək istismara qaytarılıb. Eyni zamanda su mənbəyində ümumi tutumu 100 kubmetr olan 2 sutoplayıcı rezervuar və nasos stansiyası inşa edilib. Su mənbəyindən Füzuli şəhərinə qədər 630 mm diametrli magistral su kəməri inşa edilib. Magistral kəmər hazırda inşa edilən Füzuli yaşayış kompleksinin paylayıcı şəbəkəsinə qoşulub və binalara suyun verilişi təmin edilib. Kompleksdə formalaşan tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə təxirəsalınmaz tədbir kimi 4 ədəd modul tipli təmizləyici qurğu quraşdırılıb. Bu qurğularda sutka ərzində 600 kubmetr tullantı suları təmizlənərək kənarlaşdırılacaq.
  Oktyabrın 11-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan növbəti köç karvanı da Füzuli şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarları verilib. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşıblar. Bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə - 59 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 187 ailə, yəni 661 nəfərin daimi məskunlaşması təmin edilib. Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər. Qeyd edək ki, köç prosesi mərhələli şəkildə davam edəcək.
  Füzulidən olan millət vəkili Vüqar Bayramov Qarabağ üçün tarixi günlərin yaşandığını deyib. Deputatın sözlərinə görə, Füzuli şəhərində məskunlaşma Qarabağa "Böyük Qaydış"ın tərkib hissəsidir:

 "Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz 2020-ci ildə Füzuli şəhərini işğaldan azad edən zaman üçrəngli Azərbaycan bayrağını asmaq üçün dağıdılmamış bir tikili belə tapmamışdı. Ermənistan işğalı nəticəsində şəhər tamamilə dağıdılaraq xarabalığa çevrilmişdi. Artıq Füzuli şəhəri bərpa edilir və müasir standartlara uyğun olaraq yenidən qurulur. Qarabağın hava qapısı olan Füzuli şəhəri bu gün öz doğma sakinlərini qarşılayaraq yeni mərhələyə qədəm qoyur. Şəhərdə hazırda 38 binada tikinti-quraşdırma əməliyyatları sürətlə aparılır. İlin sonunadək 800 ailə Füzuli şəhərinə qayıdacaq. Şəhərdə inşa edilən orta məktəb, demək olar, istifadəyə hazırdır. 2040-cı ilədək isə şəhərdə 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir. Yeni şəhər işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq. Qarabağ yenidən qurulur və bərpa edilir. Tezliklə Qarabağ Azərbaycan iqtisadiyyatının əsas inkişaf lokomotivinə çevriləcək".

Məqalə Medianın İnkişafı Agentliyinin dəstəyi ilə dərc olunub.