"Bura Stepanakert yox, Xankəndidir"

Rusiya mediasında yavaş-yavaş bu reallıqları səsləndirməyə, dilə gətirməyə başlayıblar

  Rusiyanın Birinci kanalında Xankəndi barədə reportaj yayımlanıb. Aparıcı Andrey Qriqoryev videosüjetə "bura Stepanakert yox, Xankəndidir" sözləri ilə başlayıb. Jurnalist vurğulayıb ki, Azərbaycan tərəfi silahsız erməni sakinlərini sərbəst buraxıb, yalnız hərbi cinayətkar sayılanları həbs edib. Rus aparıcı bəyan edib ki, rəsmi Bakı heç kəsi qovmayıb, əksinə, yerli ermənilərə qalmaq təklif olunub, yeganə şərt - Azərbaycan pasportu idi. Reportajda 1990-cı illərin əvvəllərində azərbaycanlıların öz torpaqlarından zorla və hansı şəraitdə qovulmasını əks etdirən videogörüntülər də efirə verilib. Qeyd olunub ki, yük maşınlarına doldurulan insanların arasında çox sayda uşaq və qadınlar da olub. Onlar şəxsi əşyalarını belə götürməyə macal tapmamışdılar. Reportajda Qarabağda görülən quruculuq-bərpa işlərindən də bəhs edilib. Hər zaman Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsi olan, qərəzli münasibəti gizlətməyən rus televiziyasında bu tipli verilişin efirə getməsi təəccüblə qarşılanıb. Bu arada Kremlin sözçüsü Dmitri Peskov Qarabağdakı Rusiya sülhməramlıları məsələsinin İrəvanla müzakirə olunmadığını söyləyib. Onun sözlərinə görə, Qarabağ de-fakto və de-yure Azərbaycanın ərazisidir. Peskov vurğulayıb ki, sülhməramlıların sonrakı taleyi Azərbaycanla müzakirə olunacaq.
  Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a açıqlamasında deyib ki, Rusiyanın son günlər bu cür davranışı Moskvanın reallıqla barışmasından başqa bir şey deyil. Analitik vurğulayıb ki, Azərbaycan dövləti öz gücünə ərazi bütövlüyünü, suveren hüquqlarını bərpa edib:

"Əlbəttə, bir ölkənin daxilindəki ərazi vahidlərinin necə adlandırılması həmin ölkənin suveren hüquqlarıdır. Yəni kənardan heç kim hansısa ölkənin daxilində hansısa şəhərə, kəndə, əraziyə ad qoya bilməz və qoymamalıdır. Rusiya bu reallıqları qəbul edib. Ona görə də Rusiya mediasında yavaş-yavaş bu reallıqları səsləndirməyə, dilə gətirməyə başlayıblar. Əslində, bunun təməli bir müddət öncədən qoyulub. Yəni Azərbaycan tərəfi dəfələrlə Rusiyaya xəbərdarlıq edib. Xatırladıb ki, Xankəndi şəhəri var, "Stepanakert" yoxdur. Onlar təkidlə "Dağlıq Qarabağ" ifadəsi işlədəndə Azərbaycan onlara xatırladırdı ki, "Dağlıq Qarabağ" deyə bir ərazi yoxdur, sadəcə Qarabağ bölgəsi var. Rusiyada da artıq başa düşürlər ki, Azərbaycanın öz gücünə əldə etdiyi reallıqlarla hesablaşmaq lazımdır".
A.Həsrət vurğulayıb ki, reallıqların qəbul olunması dövlət və xalq üçün baş ucalığı gətirən bir durumdur: "Ermənistanın davranışları isə bir qayda olaraq, yalan, böhtan, şər üzərində qurulub. Hətta Rusiyanın özünə münasibətdə belə ermənilər şər-böhtan yağdırırlar. Rusiyadakı insanlar yavaş-yavaş gerçəkləri anlamağa başlayıblar. Əslinə qalanda Cənubi Qafqazın kilid ölkəsi Azərbaycandır. Bizimlə danışmaq, anlaşmaq vacibdir. Rusiya mediasının yanaşması, obyektiv mövqe sərgiləməsi də məhz bu reallıqlardan irəli gəlir. Reallıqları da ortaya çıxaran, dünyaya təqdim edən dövlətimiz, müzəffər Ali Baş Komandanımız başda olmaqla Azərbaycanın igid oğul və qızları olub. Bu oğul və qızlar Qarabağ torpaqlarının işğaldan azad edilməsi üçün öz canlarını, qanlarını fəda ediblər və bundan sonra da etməyə hazır olduqlarını həmişə göstəriblər. Belə şəraitdə əlbəttə ki, Rusiya mediası bununla hesablaşmalıdır".