"Xocalılar adından Prezidentimizə təşəkkürümü bildirirəm" - Elman Məmmədov

"Bu, Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılacaq məqamlardır. Bütün dünya azərbaycanlılarının sevinci, qüruru, fəxridir"

Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndi, Ağdərə, Xocalı şəhərlərində, Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaltdı. Beləliklə, tarixi ədalət bərpa olundu. Dövlət başçısı 20 illik fəaliyyətinin hesabatını məhz Xankəndidə verdi. 

Cənab Prezident 1988-ci ildə separatizmin başladığı nöqtədən, separatçıların xalqımıza qarşı düşmənçilik hərəkatına başladığı meydandan Azərbaycan xalqına və dünyaya səsləndi, mühüm mesajlar verdi. Ölkə rəhbəri Azərbaycanın şanlı üçrəngli bayrağının əbədi olaraq bu torpaqlarda dalğalanacağını, xalqımızın burada daim yaşayacağını vurğuladı. Əslində, 44 günlük müharibədə ərazilərimizi işğaldan azad etdikdən sonra bütün bölgələrimizdə suverenliyimizin etibarlı şəkildə təmin olunması istiqamətində addımlar atmağa başladıq. Beynəlxalq münasibətlər sistemində də Azərbaycan ədalətli mövqeyini ciddi və sistemli şəkildə bəyan edirdi. Bütün sərhədlərimiz boyunca effektiv nəzarətini təmin edəcəyimizi bildirirdik. Aprel ayında Laçın yolunda nəzarət-buraxılış məntəqəsini qurmaqla bir daha ölkə ərazisində bütün proseslərə nəzarət etdiyimizi nümayiş etdirdik. Sentyabrın 19-20 tarixlərində, cəmi bir günlük anti-terror tədbirləri ilə Qarabağda 35 illik separatçılığa, 200 illlik erməni layihəsinə son qoyduq. Separatçı rejim təslim oldu, özünü buraxdı. Xankəndi və ətraf bölgələrdə suverenliyimiz tam bərpa olundu. Bu hadisələr Vətən müharibəsindən sonra Azərbaycan tarixinin növbəti qızıl səhifələrinə çevrildi. Bununla da Cənubi Qafqaz regionunda tamamilə yeni geosiyasi reallıqların formalaşması prosesi başa çatdı. Bundan sonrakı mərhələ isə bütövlükdə regional sülh və təhlükəsizlik arxitekturasının real olaraq qurulmasıdır.

Millət vəkili Elman Məmmədov "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd, Ağdərəyə və Əsgərana, Kərkicahana, Malıbəyliyə səfəri qələbə tariximizə qızıl hərflərlə yazılacaq bir tarixdir. 

Deputatın sözlərinə görə, hər birimizin səbirsizliklə gözlədiyimiz hadisələr yaşandı: 

"Dünən hiss etdim ki, Azərbaycan tam bütövləşdi. Cənab Prezidentimiz Xankəndidə Azərbaycanın Dövlət Gerbi olan binanın qarşısında üçrəngli bayrağımızı ucaltdı, dalğalandırdı. O cümlədən Xocalı və digər şəhərlərdə. Bu, Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılacaq məqamlardır. Bütün dünya azərbaycanlılarının sevinci, qüruru, fəxridir. Xankəndinin baş meydanından bütün dünyaya mesajlar verildi. 1988-ci ildə həmin Xankəndinin baş meydanında separatçılar Azərbaycan əleyhinə çıxışlara başlamışdılar. Ermənistana birləşmək şüarları, "miatsum" ideyası ilə çıxış edirdilər. Azərbaycan onların hamısının üstündən xətt çəkdi. Murdar Stepan Şaumyanın adı birdəfəlik silindi. Tarixi Xankəndi yenidən Xanın kəndi oldu. Soyqırım törətdikləri, 613 nəfər dinc insanımızı qətlə yetirdikləri Xocalımızda da Azərbaycan bayrağı dalğalandı. Bundan gözəl, qürurlu nə ola bilər? Allahın rəhmi gəldi, ömür verdi, yaşadıq, bu günləri gördük". 

Elman Məmmədov bugün səhər Şəhidlər Xiyabanına getdiyini söyləyib: 

"Orada 12 Xocalı şəhidinin məzarı var, o cümlədən anamın da məzarı oradadır. Məzarları tək-tək ziyarət etdim. Hər birinin baş daşına əlimi qoydum, dedim, "ruhunuz şad olsun, gözünüz aydın, Xocalımız işğaldan azad olunub, rahat uyuyun". Cənab Prezidentimiz bəyan etdi ki, dədə-baba torpaqlarımıza əbədi qayıtmışıq. Üçrəngli bayrağımız bu torpaqlarda əbədi dalğalanacaq. Çünki bu torpaqların sahibləri tarixən biz olmuşuq və burada əbədi yaşayacağıq. Bu, dünyaya verilən haqq-ədalətin bərpasının, təntənəsinin mesajı idi. Bizim torpaqlarımızda 30 ildən artıq idi ki, terrorçular, separatçılar, quldurlar kök salmışdılar. Bugün o torpaqlar rahat nəfəs alır və bizi qarşılamağa hazırdır. Şükür bugünümüzə. Bütün xalqımızı təbrik edirəm. Xocalılar adından Prezidentimizə təşəkkürümü bildirirəm. Eşq olsun Sizə, cənab Prezident, Ali Baş Komandan! Siz sözünüzün sahibisiniz. Sözünüz imzanız qədər dəyərli və etibarlıdır. Bunu bütün əməlləriniz və fəaliyyətinizlə təsdiq etdiniz".