Ana 55 il əvvəl qaçırılan övladını tapdı

ABŞ-ın Miçiqan ştatında Dora Fronçak adlı qadının 55 il əvvəl qaçırılmış oğlu tapılıb. WGN-TV-nin məlumatına görə, Fronçakın övladı 1964-cü ilin aprelində dünyaya gəlib.

Doğumun səhəri gün palataya ağ – tibb bacısını xatırladan geyimdə bir qadın daxil olub və uşağı həkimin yanına aparmalı olduğunu deyib. Uşağı otaqdan çıxaran qadını tapmaq mümkün olmayıb.

Uşağın axtarışlarına polis, FTB, hətta poçtalyonlar belə cəlb olunub. İki il sonra Nyu-Cersidə Dora Fronçakın övladına bənzəyən atılmış uşaq tapılıb. Fronçak həmin körpəni öz övladı kimi böyütsə də, 2014-cü ildə aparılan testlər uşağın qadının övladı olmadığını göstərib. Bundan sonra FTB axtarışları bərpa edib.

Bir neçə ay bundan əvvəl təhlükəsizlik orqanları Fronçakın əsl oğlunu tapıblar. 55 yaşlı kişinin başqa adla Miçiqan ştatındakı kiçik bir şəhərdə yaşadığı və xərçəng xəstəliyindən əziyyət çəkdiyi bəlli olub.

İstintaq tamamlanmadığı üçün təhlükəsizlik orqanları illər əvvəl uşağı qaçıran qadının adını açıqlamayıb.