5-10 dollara və ucuz televizora görə xəstəxanalıq oldular

Avstraliyada “Westfield Parramatta” Ticarət mərkəzində hədiyyə paylanması zamanı yaranan basabasda 20 nəfər xəsarət alıb.

Bu barədə Life.ru xəbər verib.

Təqribən 100 nəfərin iştirak etdiyi tədbirdə içərisində hədiyyə kartı olan şarlar buraxıldıqdan sonra, insanlar bir-birlərinin üstünə çıxaraq basabas yaradıblar. 

Məlumata görə, şarların içində cəmi beş, yaxud 10 dollarlıq çeklər olub.

Xəsarət alanlardan bəziləri xəstəxanaya yerləşdirilib. Daha 12 nəfərə isə yerindəcə tibbi yardım göstərilib.

Qeyd edək ki, analoji hadisə Başqırdıstanda da qeydə alınıb. Endirimlə satışa çıxarılan televizora görə alıcılar qarşıdurmaya çıxıblar, bir-birlərini əziblər. Hadisənin görüntüləri mağazaya quraşdırılmış müşahidə kamerası tərəfindən qeydə alınıb.

Bildirilir ki, mağaza endirim təklifləri ilə insanların diqqətini çəkib - bir televizor 3999 rubla (109 AZN) təklif olunub, halbuki həmin televizorların qiyməti 7000 rubl (191 AZN) təşkil edir.

Televizorların hər kəs üçün kifayət etməyəcəyindən qorxan alıcılar basabas yaradıblar. Bir neçə nəfər yüngül xəsarət alıb.