44 uşaq dünyaya gətirən qadın: "Ərim mənə saysız-hesabsız işgəncələr verib"

39 il ərzində 44 uşaq dünyaya gətirən afrikalı ana özünün hiperovulyasiya adlandırılan nadir xüsusiyyəti və qəddar sürdüyü həyatı barədə danışıb. “Daily Sun” nəşrinin məlumatına görə, Məryəm Nabatanzi Babirye 12 yaşında 40 yaşlı çoxarvadlı kişiyə ərə verilib. 13 yaşında əkiz uşaqlara hamilə qalıb. Hiperpovulyasiyaya görə demək olar ki, bütün hamiləlikləri məhsuldar olub, əkizləri, üçəmləri və dördəmləri dünyaya gəlib.

Ən kiçik övladı hazırda bir neçə aylıqdır. Qadın bu hamiləlikdən yalnız bir uşağı olmasına təəccübünü gizlətmir. Babiryenin 44 uşağından altısı ölüb, sağ qalanlardan 10-u qız, qalanları isə oğlandır.

23 yaşına qədər qadın 25 uşaq dünyaya gətirib. Bundan sonra qadın sağlamlığına görə narahatlıq keçirib və həkimə müraciət edib. Həkimlər ona hiperovulyasiya diaqnozu qoyublar. Qadın bu anomal vəziyyətin yeganə problemi olmadığını da dilə gətirib:
“Ərim mənə saysız-hesabsız işgəncələr verib. İçkili olduğu zaman onunla nəsə müzakirə etmək istəyəndə məni yarımcan hala düşənə qədər döyür”.