Qibtə olunası xalq...

Yaponların cəmi 3 faizi artıq çəkidən əziyyət çəkir

Düzgün qidalanma bir nömrəli vəzifədi

Yaponların uzunömürlü olması məlum həqiqətdir. Eyni zamanda yapon kişilər və qadınlar arasında köklük və artıq çəkidən əziyyət çəkənlərə çox az rast gəlinir. Cəmi 3 faiz! Yaponlar dünyada qamətli və normal bədən quruluşuna malik xalq sayılır.  Yaponlar, biz – Azərbaycan türkləri də daxil bir çox xalqların qibtə etdiyi nümunəvi  bədən quruluşu və normal çəkiyə görə əvvəla, milli mətbəxlərinə, ciddi şəkildə riayət etdikləri adət-ənənələrinə və hökumətin qəbul etdiyi qərarlara (!) borcludurlar. Yapon mətbəxi və qidalanma qaydası barədə geniş məlumat verəcəyik. Bəs hökumət nə iş görüb ki, onlara da minnətdardırlar? “Şərq” “Zozha.net” saytına istinadən xəbər verir. 

1.Yaponiya hökuməti 2000-ci ildə  qidalanma ilə bağlı xüsusi “Topaç” (“Volçok” – bildiyimiz uşaq oyuncağı – fırfıra, fırlanğıc...) proqramını təsdiqləyib və samuray varislərinə də məhz bu sistem üzrə qidalanmağı tövsiyə edib.  Dietoloqların fikrincə, məhz bu sistemə riayət etməklə yaponlar daim formada qalırlar. 
2. Adətləri üzrə döşəmədə, alçaq masalar ətrafında əyləşən (bunun özü  həzm prosesinin yüngülləşməsini təmin edir – red.) yaponların qida rasionunda əsas ağırlıq zülalların üzərindədir. Yağların deyil. Amma yağlardan tam imtinadan da söhbət getmir. Yağların azaldılması, zülalların çoxaldılmasındadır məsələ. Xörək duzu cüzi istifadə edilir. Təkrar emal olunmuş ərzaqlara meyl etmir, şirniyyat, un məmulatları, tərkibində böyük miqdarda şəkər olan qazlı içkiləri əsas qida rasionuna daxil etmirlər.   
3. “Topaç” qidalanma sistemində ərzaqlar bir neçə seqmentə bölünüb. Hər bir ərzaq növünün sutkalıq kəmiyyəti var.  Ərzaqların sutkalıq bölgüsü cinsə və yaşa görə dəyişir. Gündəlik menyunu dənli bitkilərdən hazırlanan qidalar təşkil edir. Daha sonra təzə və buxarda bişmiş tərəvəzlər, hansı ki, bizlər də, məsələn, adi şorbalarda onlardan istifadə edirik – kök, soğan, bibər, kartof... Qida sırasını ət və balıq yeməkləri davam etdirir,  ən sonuncu yerdə isə süd məhsullarıdır. Onların qəbulu sutkada (24 saat ərzində)  2 porsiyadır. 
4. Yaponlar iddia edir ki, qaməti düz saxlamağın, artıq çəkiyə meyilliliyin qarşısını almağın bir yolu da qidanı həzz alaraq qəbul etməkdir, mədəni doldurmaq xətrinə yemək yox. Bunun üçün də yeməyi hər gün eyni vaxtda qəbul etməyə alışmaq lazımdır. Belə olduqda mədədə refleks yaranır. Yemək saatı yaxınlaşdıqca mədə ona hazır vəziyyət alır, bu səbəbdən həzm prosesi də asanlaşır.  Qidalanma qrafikinə kulturistlər, idmançılar da riayət edir. Ona görə də bədənləri möhkəm və sağlam olur, adətən.    
5. Yaponlar geniş reklam olunan qida “ləzzətləri”nə tabe olmur. Yaponların qida rasionunda mövsüm tərəvəzlərindən hazırlanan kokteyllər, həmçinin düyü və balıq əsas yer tutur. Digər ölkələrin mətbəxi, hər cür “fast-fud”lar yaponlar üçün sadəcə, artıq xərcdir. Bu cür qidalar yapon qida rasionunun cəmi 10 faizini təşkil edir. Yaponlar bir çox başqa ölkələrin əhalisi kimi nahar fasiləsində “MkDonalds” burgerlərinə və kartof qızartmasına “qaçmır”.  Milli mətbəxlərinin ləzzətlərindən faydalanırlar. 
6. “Topaç” qidalanma sistemi yapon məktəblisi üçün də vacibdir. Yaponiya tədris müəssisələrində məhz bu qidalanma sisteminə əməl edilir. Şagirdin naharı düyü, bir qab “miso” şorbası,  ət və ya balıq, həmçinin bir stəkan süd və müxtəlif meyvələrdən ibarətdir.  Şagird naharı ideal şəkildə balanslaşdırılıb. Onu təlim-tədris prosesinin bir hissəsi hesab edirlər. Məktəblinin qidası o qədər ideal tərtib edilib ki, yaponlar hətta məktəbi bitirdikdən sonra da bu qidalanma sisteminə əməl etməyə çalışırlar. 
7. Şagirdlərə ibtidai sinifdən başlayaraq öyrədirlər ki, qidalanmada balansı qorumaq əsas şərtdir. Qəbul edilən qidanın tutumu sərf olunan enerjiyə bərabər olmalıdır. Artıq kalori isə fiziki aktivlik hesabına “yandırılır”.  Hətta ofis əməkdaşları da açıq havada idman hərəkətləri icra olunan qruplara yazılırlar. Yay tətili günlərində uşaqlar üçün evlərin həyətlərində səhər idmanı təşkil edilir. Hətta vəzifəli şəxslər də səhər idmanına qatılır. 
8. Yaponlar, bizlərdən fərqli olaraq sabaha, birisigünə yemək tədarükü görmür. Çalışırlar nahar və ya şam yeməyini yemək saatından az əvvəl hazırlasınlar. Bunun üçün də daha çox təzə meyvə və tərəvəzlərdən istifadə olunur.  Bizdə isə soyuducuların qapısını açıb göz gözdirsək, qayğıkeş anaların, nənələrin bir qazan bozbaşını, qızardılmış kotlet “yığını”nı görərik - “uşaq evə gələndə, ac qalmasın” və ya “işdən qayıdanda hazır yeməyimiz olsun” prinsipi və alışqanlığı ilə. Başqa bir zərərli “yenilik” isə hazır yeməklərin mikrodalğalı sobada təkrar isidilməsidir. Yaponlar belə təhlükəli və zərərli vərdişlərə malik deyil.