50 il sonra ilk dəfə... - Qılınc balığı yaxalandı



İstanbul boğazında 50 illik fasilədən sonra balıqçı toruna qılınc balığı düşüb. Qılınc balığını yaxalamaq çox çətindir. Çünki çox sürətlidir, həm də xeyli uzun burnu onu tora düşməkdən sığortalayır. Qılınc balığı çox məşhurdur.

Ədəbiyyat əsərlərində, şeirlərdə də adı çox keçir. Məhz bu balıq Ernest Heminqueyə Nobel mükafatı “qazandırıb”  – “Qoca və dəniz” romanında ondan bəhs edilir. “Şərq” “Milliyyet.com”a  istinadən xəbər verir ki, İstanbul boğazında illərdir balıqçılıqla məşğul olan Şaban Şengül qılınc balığını yaxaladığına görə çox sevindiyini deyib: “Bizi çox sevindirdi. Hardasa 45 ildir İstanbul boğazındayam, ilk dəfədir ki, belə balıq toruma düşür”. Qılınc balığı nəsli tükənməkdə olan balıq növlərinə aiddir. Plansız şəhərsalma və dənizin çirkləndirilməsi nəticəsində ən çox qidalandığı balıq növlərindən skumbriya azaldığından qılınc balığın da nəsli tükənməyə başlayıb. 1967-ci ildə 86 ton qılınc balığı ovlanıb. 1970-ci illərdən sonra İstanbul boğazında qılınc balığı “gördüm”, deyən olmayıb. Balıqçı “İstanbulun əski zamanlarına dönməsini çox istəyirəm” , söyləyib. Böyük ehtimalla qılınc balığı qida ardınca Egey dənizindən İstanbul boğazınadək üzüb. İstanbul Universitetinin Su elmləri fakültəsinin professoru Nuray Erkan qılınc balığının İstanbul boğazında görünməsinin sevindirici hadisə olduğunu, bu balıq növünün yenidən nəslinin artırıla biləcəyini deyib.