Ailə gəzintisi... - Ana ayı 4 balasıyla şəhərdə göründü


ABŞ-da yerli əhalinin, həm də vəhşi təbiət vurğunlarının yaxşı tanıdığı boz ayı 4 balasıyla şəhərdə görünüb. Hadisə Vominq əyalətində qeydə alınıb. Xarici mediada yer alan məlumata görə, boz  ana ayı #399 birkası daşıyır. Bu birka onu insanların hücumundan, ovlanmaqdan qoruyur.  Həmçinin ana ayı bu birka sayəsində müşahidə altında saxlanılır, davranışları qeydə alınır. 

Boz ayı "Grand Teton" Milli Parkının sakinidir. Lakin o, bundan əvvəl də dəfələrlə şəhərə enib, küçələrdə, magistral yollarda, hətta məhəllələrdə sərbəst dolaşıb. Bu dəfə isə ana ayı 4 balasını da “yanına alaraq” gəzintiyə çıxıb. Çox güman ki, balalarını insanların yaşayışı ilə tanış etmək istəyir. Əyalətin Cekson bölgəsi üzrə Polis Təşkilatının kamerasına düşən boz ayının görüntüləri polis tərəfindən rəsmi feysbuk səhifəsində də paylaşılıb. Sosial şəbəkədə bu görüntülər “#399 və yavruları, “salamlaşmaq” üçün gəliblər” sözləri altında paylaşılıb. Ötən həftə ana ayını zibillikdə yem axtararkən və arı yeşiklərini dağıdarkən görüntülənmişdi. ABŞ Balıq və Vəhşi Həyat Servis Mərkəzi əhaliyə xəbərdarlıq edib ki, ayılar qida axtarışıyla insanların yaşadığı məkanlara gəlir, odur ki, ehtiyatlı olsunlar.