Tora balıq yox, çöl donuzu düşüb

Balıqçılar həyəcan keçirib, özlərini itiriblər

Türkiyənin Yozqat bölgəsində su anbarına atdıqları toru çətinliklə çəkən balıqçılar, böyük bir balıq tutduqlarını düşündülər. Tora ilişən ovun çöl donuzunu görüb çaş-baş qaldılar.
“Şərq” türk mediasına istinadən xəbər verir ki, Yozqatın Çəkərək qəsəbəsində səhər tezdən gəmiləriylə su hövzəsinə çıxan balıqçılar, sazan ovlamaq niyyətində idilər. Torlarını suya buraxan balıqçılar bir müddət sonra onu çəkmək üçün hərəkətə keçdilər.
Balıqçılar ov ağır olduğuna görə xeyli zorlandılar. Toru çətinliklə də olsa suyun üzünə çıxartdılar və ovun çöl donuzu olduğunu gördülər. Balıqçılar, ölmüş halda olan donuzu gəmiylə sahilə çıxardıblar.
Qəsəbədə balıqçılıqla məşğul olan İsmayıl İgid, gördüklərindən həyəcan yaşadıqlarını söyləyir:
 "Balıq tutmaq üçün suya tor atdıq. Sahildən keçməyə çalışan donuz su anbarına düşüb, ordan da bizim torumuza ilişib. Donuzu təsadüfən fərq etdik. Əvvəl balıq sandıq, amma yaxınlaşanda donuz olduğunu gördük. Arada-sırada qarşı tərəfə  keçən donuz sürülərini görürdük. Torumuza ilişən donuz ölmüşdü. Hər gün bir macəra ilə qarşılaşırıq, bugünkü macəramız da donuz oldu".