Bayden uşaqlara sarıldı və söz verdi

Prezident qasırğanın xaraba qoyduğu bölgəyə gedib

ABŞ Prezidenti Co Bayden Kentukki ştatına gedib və 74 nəfərin ölümünə səbəb olan qasırğanın xaraba qoyduğu Dawson Springs qəsəbəsini ziyarət edib. Qəsəbədə Baydenin diqqətini zərər görmüş, lakin bütöv qalmış dövlət bayrağını əlində tutan 12 yaşlı Rayliee cəlb edib. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, Prezident uşağa yaxınlaşaraq onunla salamlaşıb, onu, həmçinin fəlakətdən sağ çıxmış digər vətəndaşları da qucaqlayaraq bağrına basıb. Bu təsirli səhnəni əks etdirən fotolar "Associated Press" (AP) foto muhabiri Andrew Harnik tərəfindən paylaşılıb. Bayden qəsəbə sakinləri qarşısında çıxış edib, fəlakətin nəticələrinin aradan qaldırılması üçün federal hökumətin lazım olan addımları atacağını, bütün xərclərin 1 ay ərzində  qarşılanacağını bildirib. Qasırğadan zərər görənlərə psixoloji dəstək də göstəriləcək. Bayden çıxışında “birləşəcəyik, əvvəlkindən daha güclü olacağıq, söz verirəm, hamımız sizin yanınızdayıq”, deyib. 12 Rayliee barəsində isə “bu sanki müharibədən çıxmış komandirdir” ifadəsini işlədib. Prezidentin həmçinin fəlakətin nəticələrinin aradan qaldırılması üçün əlavə büdcə gəlirlərinə ehtiyac olmadığını da deyib. Dawson Springs bələdiyyə başqanı Chris Smiley qəsəbənin 75 faizinin xəritədən silindiyini, 100 nəfərin taleyinin hələ də naməlum qaldığını, ölənlər arasında 2 aylıq körpənin də olduğunu acı təəssüflə xatırladıb. C.Bayden qasırğadan ağır zərər görmüş Mayfield qəsəbəsini də ziyarət edib. C.Bayden Kentukki, Tennessee və İllinoys ştatlarını federal fəlakət bölgəsi elan edib. Qasırğada tələf olanların ümumi sayı isə 88 nəfərdir.