Sirli üzük…

Dünya dənizin altındakı 1700 illik xəzinədən danışır
 
   Dünya hazırda İsrail tədqiqatçılarının Caesarea dəniz limanına yaxın ərazidə qəzaya uğramış gəmidən tapdıqları xəzinə barədə danışır. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, xəzinənin 1700 il öncəyə aid olduğu təxmin edilir. Əntiq əşyalar arasında qızıl üzük, qartal heykəli, qızıl sikkələr də var. Daha çox diqqət çəkənsə qızıl üzükdür. 8 guşəli qızıl üzüyün yaşıl qaşının üzərində maraqlı təsvir var. 

İsrail Antik Əsərlər Qurumunun açıqlamasında bildirilir ki, üzük III əsr Roma dönəminə aid sikkələr, bürünc qartal heykəlcik, qara qüvvələri qovmaq üçün istifadə edilən zənglər, çanaq köynək və maskalı Roma pantomime heykəlciyi ilə birlikdə tapılıb. 

Tapıntılar arasında bahalı qırmızı əqiq daş da var. Bütün bunlar qədim dövrlərə aid taxta gəminin dağıntıları arasından çıxarılıb. Üzüyü maraqlı edənsə yaşıl qaş üzərində çiynində bir qoç və ya qoyun daşıyan gənc çobanın rəsmidir. Bu rəsm tarixdə bilinən “Yaxşı çoban” obrazını əks etdirir.

 “Yaxşı çoban” obrazına xristianların müqəddəs kitabı İncildə bir neçə yerdə rast gəlinir. Məhz belə bir çobanın həzrət İsanın qoyunlarına çobanlıq etdiyi məlumdur. 

 İsrail Antik Əsərlər Qurumunun əməkdaşı Helena Sokolova  Caeserea şəhərinin III əsrdə Roma imperatorluğunun əsas şəhərlərindən, limanın da əsas ticarət mərkəzlərindən biri olduğunu deyib. Əlavə edib ki, çoban təsvirli üzük erkən xristianlığın rəmzlərindən biridir. 

Böyük ehtimalla bu üzük romalı birisinə aid imiş. Dalğıclar bu tapıntılarla yanaşı XİV əsr Məmlüklər dönəminə aid 560 sikkəlik daha bir xəzinə də aşkarlayıblar.