“Avropada irqçilik normallaşır”: Kalın qitənin iç üzünü ifşa etdi


Türkiyə mətbuatında Türkiyə prezidentinin sözçüsü, professor İbrahim Kalının “Avropada irqçilik normallaşır” başlıqlı məqaləsi dərc olunub. Müəllif yazıda Qərb ölkələrində irqçiliyin yayılması, müsəlman mühacirlərə qarşı həyata keçirilən ayrı-seçkilik, Avropa ölkələrində ksenofobiyanın siyasətçilər tərəfindən alət kimi istifadə olunmasına toxunulur. 

2020-ci ilin 19 fevral tarixində Almaniyanın Hanau şəhərində əcnəbi ölkələrdən gələn şəxslərin işlətdiyi kafedə partlayış törədildi. Hadisə nəticəsində dördü türk olmaqla doqquz günahsız insan həyatını itirib.

Cinayəti törədən şəxs bununla da kifayətlənməyərək atasının evinə yollanıb və əvvəl valideynlərini sonra isə özünü öldürüb.

Bu dəhşətli hadisə son illərdə xüsusilə müsəlmanları hədəf alan cinayətlərdən yalnız biridir. Kollektiv xərçəngə çevrilən irqçiliyin Qərb ölkələrində yayılma sürəti narahatedici səviyyəyə çatıb, ən dəhşətlisi isə odur ki, bu təhlükəli ideologiya fikir müxtəlifliyi kimi təqdim olunur.

İrqçi terror aktlarının təməlləri uzun illər ərzində işlənilib. Son illərdə Qərb ölkələrində fərdi cinayətlər kimi təsnif edilən irqçi terror aktları nəticəsində məscid və sinaqoq kimi ibadət yerləri zərər görür.

Həmçinin müsəlmanlar və dünyanın müxtəlif ölkələrindən Almaniyaya gələn mühacirlər ictimai və sosial həyatda fiziki hücumlara məruz qalırlar. Belə ki, son beş il ərzində Qərb ölkələrində irqçi terror aktlarında 3-dəfə artım qeydə alınıb.

Təsadüfi deyil ki, irqçi hücumların artması, xüsusilə Avropada irqçi partiyaların güclənməsi, irqçi ritorikanın mediada və ictimai rəydə daha çox irəli çəkilməsi ilə eyni vaxta təsadüf edir.

Bu qanlı insidentlərin fərdi cinayətlər kateqoriyasına aid edilməsi isə oxşar hərəkətə hazırlaşan insanları və qrupları daha da həvəsləndirməkdədir.

Xüsusən Avropada müsəlman əhalinin artmasına səbəb olan mühacir hərəkatı, köhnə qitənin tarixində möhkəm təməlləri olan irqçilik ideologiyasının yenidən tərəfdar toplaması ilə nəticələnib.

Avropa ölkələrində baş qaldırmış bugünkü irqçiliyi və müsəlmanlara qarşı düşmənçiliyi, keçmişdə iddia edildiyi kimi, aztəminatlı qrupların, qəzəbli kütlələri tərəfindən idarə olunan müvəqqəti ideoloji pozğunluq adlandırmaq, problemi lazımınca qiymətləndirməməkdir.

Müşahidə edilən odur ki, İslam və ksenofobiya Avropa ziyalıları, orta və yuxarı təbəqə arasında sürətlə yayılır, beynəlxalq siyasətin formalaşdırılmasında istifadə olunur.

Ən üst səviyyələrdə iddia olunur ki, guya İslam dini avropalı kimliyi ilə bir araya sığmır. Bu əsas götürülərək immiqrantlar arasında fərq qoyulur və xaricdən gələn insanların təsnifləndirilməsi həyata keçirilir.

Avropada islam “Avropalaşma”nın qarşısında güclü maneə kimi təqdim edilir. Assimilyasiya müzakirələri ortaya çıxır. Müsəlman kimliyini qoruyub saxlamaqda israrlı olanlar, “arzuolunmaz mühacir” kimi cəmiyyətdən təcrid edilir.   

Din, irq və mədəni xüsusiyyətləri ayırmaq Avropada köklü ənənəyə malikdir.

Digərlərinin vasitəsi ilə kimlik quraraq daha sonra azlıqları təhlükə kimi görmək və fərqli ideoloji əsaslara qarşı ayrı-seçkilik etmək, Avropa tarixində adi bir davranış tərzi olmuşdur.

Misal üçün qədim Yunanıstanda digər xalqlar barbar hesab edilirdisə, müasir dövrdə başqa xalqlar geridə qalmış və mədəniyyətsiz cəmiyyətlər kimi təqdim edilir.

Avropada irqçilik və nifrət cinayətləri ilə effektiv mübarizə aparılmasa, növbəti onilliklərdə irqçilik və ksenofobiya sosial sülhü və rifahı təhdid edən ən böyük problemlərdən biri olacaq.

İrqçiliklə mübarizədə siyasətçilərin də böyük rolu və təsiri var. Həmçinin inkişaf etmiş ölkələrdə demoqrafik dəyişikliklər və əhalinin qocalması da irqçiliklə mübarizədə bəhanə kimi istifadə edilir.

“Pew” Araşdırma Mərkəzinin araşdırmasına görə, 2050-ci ilə qədər Avropanın yerli əhalisinin altı faizə qədər azalacağı halda, Avropada yaşayan müsəlman əhalinin artım sayı 63 faizə qədər yüksələcək. Bütün bu rəqəmlərə rəğmən Avropanın təqdim etdiyi “müsəlman təhlükəsi”nin süni və şişirdilmiş olduğu aydın müşahidə edilir. Belə ki, hazırda diskriminasiyaya məruz qalan müsəlmanlar Avropa ölkələrindəki əhalinin heç 5-10 faizini təşkil etmir.

Avropada islamofobiyanın bəzi tanınmış yazıçılar və jurnalistlər tərəfindən körükləndirildiyinin də şahidi oluruq.

Misal olaraq italyan jurnalist Oriana Fallacinin islamofobiyanı alovlandıran kitabı, fransız yazıçı Mişel Uelbekin romanları, mühacirləri aşağılayan və onları qozbel kimi təqdim edən Almaniya Mərkəzi Bankının İdarə Heyətinin üzvü və siyasətçi Thilo Sarrazinin kitablarını buna misal olaraq göstərə bilərik.

Lakin Avropa İslamla mübarizə aparmaqla özünə daha yaxşı gələcək qura bilməyəcək. İslam və Qərb cəmiyyətləri bir-birini daha yaxşı başa düşməlidir.

Avropanın İslamı sıxışdıraraq özünü plüralist göstərməsi, mümkün olmayacaq. İslamın və müsəlmanların marginallaşması prosesinin sona çatması Qərb ölkələrinin müdafiə etdiyi dəyərlər baxımından da səmimiyyət sınağı kimi qiymətləndirilə bilər.

Mənbə: Anadolu