Poliqlotların sirri çözüldü

Bir neçə dildə danışmağın sadə yolu varmış


“Bir dil bir insan, iki dil iki insan...” məsəlini eşitmisiniz yəqin. Bir neçə dil bilənlərə qibtə edilir həmişə. Onları “istedadlı”, “ağıllı”, hətta “dahi” də adlandırırlar. Halbuki bir neçə dil bilmənin adı poliqlotdur və bunu, əslində bir çox insan bacara bilər. Düzgün üsullar və metodlardan istifadə edilərsə. “Şərq” “Milliyet.com”da yer alan maraqlı materialı oxuculara təqdim edir. 8 dil – ingilis, ispan, fransız, alman, ərəb, yapon, koreya dilini qısa müddətdə öyrənib sərbəst danışan, yazan, anlayan Mustafa Ərdoğan dil bilgilərini əldə etməyin sadə yollarından danışıb. Mustafa da xarici dil öyrənməyə başlayanda bir çoxları kimi çətinlik çəkib. İngilis dilini ibtidai sinifdən öyrənməyə başlayıb. Sonra dil kurslarına gedib. 

Hətta özəl dərs də alıb. Buna baxmayaraq ingilis dilində sərbəst danışa bilməyib. Universitetdə təhsil alarkən bir professorla tanış olub. Professor ona poliqlotluğun sirrini öyrədib. Üsulları anladıb, onun sayəsində Mustafa nəinki ingilis, əlavə daha 7 xarici dil də öyrənib. Zaman keçdikcə Mustafa öz fərdi üsullarını da tətbiq etməyə başlayıb. Mustafanın üsulu belədir: başlanğıcda 1000-1500 sözü sıralayır, bu sözlərdən cümlələr qurur və dialoqlar hazırlayır. Sözlərin və cümlələrin səsləndirilməsini də əlinin altında saxlayır. Dialoqlar bu dildə danışanlar tərəfindən səsləndirilir. Bu üsuldan istifadə etməklə 3-6 müddətində istəyinə nail olur. Mustafa deyir ki, hər hansı bir dildə danışmaq üçün o dilin nəzəriyyəsini öyrənməyə ehtiyac yoxdur: “Dil öyrənmək üçün ənənəvi metod qrammatika hesab edilir. Lakin beynimizin dil öyrənmə və danışmaq şəkli bu deyil. Beynimiz dili riyaziyyat kimi öyrənə bilməz. Beyin hər hansı bir dili qəliblər üzərində öyrənir. Mən bu üsuldan istifadə edirəm. Özüm üçün bu üsulu seçmişəm. Poliqlotların ən böyük sirri də fərdi çalışmaqlarıdır”.  Mustafanın çətinliklə öyrəndiyi dil Koreya dili olub. Koreya dilindən başqa bütün digər dilləri Türkiyədən kənara çıxmayaraq öyrənib. Koreya dili öyrənmək üçünsə Koreyaya səfər etməli olub. Mustafa əcnəbi dil öyrənmək istəyənlərə o dildə danışan ölkələrə səfər etməyi də məsləhət görür. Başqa bir poliqlot – Arda Erol isə əcnəbi dilləri öyrənmək istəyənlərə həmin dildə mahnılar dinləməyi tövsiyə edir: “beynimizin əcnəbi dil qavrama ilə bağlı bəlli nöqtələri var. Dil vərdişlərinə yiyələnməklə bu nöqtələrin əhatəsini genişləndirmək mümkündür. Məsələn, öyrənmək istədiyimiz dildə mahnılar dinləmək, daha çox danışmağa çalışmaq, danışarkən hansısa sözü düzgün tələffüz etməməkdən utanmamaq, çəkinməmək əsas şərtdir. Linqvistika elminin araşdırıcısı İbrahim Onur Akkurt isə bildirib ki, əcnəbi dilə yiyələnmək hansısa məqsədə doğru yoldur. Hər kəsin fərqli məqsədləri ola bilər. Amma məqsədsiz dil bilgisinə sahib olmaq mümkün deyil: “Poliqlotlardan soruşduqda, onlar “biz dahi deyilik, sadəcə, doğru üsullardan istifadə edirik” cavabını verirlər. Bu o deməkdir ki, düzgün metodlardan istifadə etməklə istənilən şəxs əcnəbi dillərə yiyələnə bilər. Sadə üsullar bunlardır: 
Öyrənmək istədiyiniz dilin çox danışıldığı məkanlara gedin. Bununla o dildə danışmaq məcburiyyəti yaranacaq və pis-yaxşı danışmağa məcbur olacaqsınız. Beləcə, dil inkişaf edəcək. Xətalardan dərs alın. “Sözü səhv deyərəm” kimi qorxunu dəf edin. Başlanğıcda o dildə ən çox işlənən kəlmələri öyrənin. O kəlmələrlə cümlə qurun, buna vərdiş etməyə çalışın. Yeni öyrəndiklərinizi başqalarıyla paylaşın. Bu, dil bilginizi qoruyacaq. Qrammatikanı öyrənməyi ən son mərhələyə saxlayın. Əsas məsələ öyrənməyə çalışdığınız dildə danışan insanlarla ünsiyyət qurmaqdır.
P.S. Görkəmli alim, professor Əzizə Cəfərzadə tələbələrinə deyirmiş ki, universitetə gələndə yol boyu qarşısına çıxan əşyaların adını farsca beyində təkrarlayır, tələffüz edir. Bu, onu fars dilini unutmağa qoymur.