Tüksüz doğulan oğlağa körpə uşaq libası geyindirilir

Cüt doğulan, amma tək qalan tüksüz oğlağı Mərsində görməyə gəlirlər

Türkiyənin Mərsin bölgəsində təsərrüfatla məşğul olan Tosun ailəsinin keçilərindən biri əkiz oğlaq doğub. Oğlaqlardan biri doğulduqdan az sonra tələf olub. Əkiz tayı isə sağ qalıb. Ailəni təəccübləndirənsə nə keçinin əkiz oğlaq doğması, nə də oğlaqlardan birinin tələf olmasıdır. Təəccüblü olan oğlağın tüksüz doğulmasıdır. Sağ qalan da elə bu tüksüz oğlaqdır. 

Bu barədə “NTV.com.tr” məlumat verir. Bildirilir ki, tüksüz oğlaq ailənin sevimlisinə çevrilib. Oğlaq tükləri çıxanadək üşüməsin deyə, Tosun ailəsi ona kiçik yaşlı nəvələrinin libasını   geyindirir. Ailə başçısı Hüseyin Tosun oğlağı evə gətirib və sobanın yanında ona yer hazırladıb. 

Ailə bu tüksüz oğlağa körpə uşağa qayğı göstərildiyi kimi baxır. Oğlaq 3 gün əmziklə yedizdirilib. 3 gün sonra ayaq üstə durmağı bacaran oğlağı ana keçi ilə görüşdürüblər və oğlaq anasını əmməyə başlayıb. 

Tüksüz oğlaq barədə eşidib-bilən onu görməyə gəlir. Gələnlər oğlaqla şəkil çəkdirib, sosial mediada paylaşır. H.Tosun oğlağın dünyaya gəlməsindən danışıb:

“Doğulduğunda dərisi tamam tüksüz idi. Mavi rəngə çalırdı. Ertəsi gün rəngi qaraldı. Ona bir körpəyə baxar kimi qulluq edirik. Bir gün hərarəti qalxdı. Nəvələrimizə içirdiyimiz temperatur salan siroplardan ona da içirdik, iynə vurduq”, deyib. 

H.Tosunun 5 yaşlı nəvəsi Aysel də oğlağı çox sevir, bəsləyir. Tüksüz oğlağı “çox yumşaqdır”, deyə əzizləyir.