“Axundov”u ziyarət: “Kitabların evə aparılmağına icazə verilsə...” - REPORTAJ! 

Son günlər reportaj hazırlamaq xəyalını beynimdən keçirirdim. Redaktorumuzun təklifi ilə xəyalım reallaşdı. Ziyarətim Mirzə Fətəli Axundov adına Milli Kitabxanaya oldu. 

Artıq xatirələrim gözümdə canlanmağa başladı. "Kitablar Vətəni"nə ilk ziyarətim deyildi. Kitabxanaya üzvlük kartımı pulqabımdan çıxardıb diqqətlə nəzərdən keçirdim. Həmişə kitabxanaya universitet dərslərinin məcburiyyətindən gedərdim. 

Orada vaxtımı sevmədiyim mövzuların araşdırmasını edərək keçirərdim. Həmin zamanlarda dincəlməyin yolu bədii kitab oxumaqda idi. Kitabxananı tərk etmədən bədii kitab götürüb oxuyardım. Son zamanlar çox vaxtım olmadığı üçün kitablarla görüşə gedə bilmirdim. Nəhayət, kitab qoxusunu bir daha duyacaqdım! 

Vacib ləvazimatları götürüb böyük həvəslə redaksiyadan ayrıldım. Yol gedərkən kitabxana haqqında məlumatımı artırmaq üçün internetdəki mənbələrə nəzər yetirdim. Gözümü yumub açdım ki, artıq çatmışam. Kitabxanaya yaxınlaşdıqca 2-ci mərtəbəsindəki böyük yazıçıların simaları kitab oxumağın uğura gedən yol olduğunu bir daha təsdiqləyirdi. 

Qapıdan içəri keçdim. Turniketlərin yaxınlığındakı polislər “COVID” pasportumu yoxladıqdan sonra onlara jurnalist olduğumu bildirdim. İcazə üçün səlahiyyətli şəxslərə müraciət etdim. Müəyyən müddət gözləməli olduğumu söylədilər. Vaxt itirmədən qiraətini bitirib kitabxanadan ayrılan oxuculara yaxınlaşıb fikirlərini öyrəndim.

“Kitabxana tələbə ilə dolur”

Kitablarla görüşünü bitirib evə yollanan magistr tələbəsi Ramil Cəfərzadə bildirdi ki, kitabxanada şərait yaxşıdır: 
“Burada kitab müxtəlifliyi var. Əsasən tarixi, diplomatik, beynəlxalq münasibətlərlə bağlı kitablar oxuyuram. Elektron versiyadan daha çox əyani olaraq kitab oxumağa üstünlük verirəm. Əsasən kitabxanaya imtahanlar vaxtı baş çəkirəm. Həmin dönəmlərdə yer tapmaq çətindir. Kitabxana tələbə ilə dolur. İnsanlar arasında məsafə məhdudiyyəti olduğundan yer sayı da azaldılıb. Elə koronavirus səbəbindən bufet də bağlıdır. Ona görə gedib çöldə nəsə tapıb yeyirik. Bufet fəaliyyətini davam etdirsə, çox yaxşı olar".

“Kitabların evə aparılmağına icazə verilməməsindən narazıyam”

Kitabxanaya qiraət üçün gələn daha bir tələbə ilə söhbətləşdik. Şəlalə Baxışova işçilərin mehribanlığının oxuculara müsbət aura ötürdüyünü qeyd edib: 
“Kitabxanaya əsasən bədii kitablar oxumağa gəlirəm. Boş zamanlarımda klassik, fantastik ədəbiyyat nümunələrinə diqqət ayırıram. Kitabların evə aparılmağına icazə verilməməsindən narazıyam. Bəzi kitabları, ümumiyyətlə, tapa bilmirik. Elə olur ki, bizə elektron versiyadan istifadə etməyimiz tövsiyə olunur. Onlayn oxumağı sevmirəm. Çünki kitabla eyni hissi vermir”.

Gənclərin kitab eşqi yaşayır!  

Oxucularla həmsöhbət olduqdan bir neçə dəqiqə sonra polislər içəri çağırdılar. Nəhayət, səlahiyyətli şəxslərdən icazə aldıqdan sonra müşayiətçi ilə birlikdə kitabxanaya daxil oldum.

Oxucularla bərabər mən də qeydiyyat otağına baş çəkdim. Burada qeydiyyat şəxsiyyət vəsiqəsilə aparılır. Şöbənin işçiləri oxucuların şəxsi məlumatlarını sistemə daxil etməklə qeydiyyat prosesinin ilkin mərhələsini tamamlayırlar. Məlumatları virtual sistemə daxil edildikdən 1 dəqiqə sonra oxucuya plastik kart təqdim edilir. Daha sonra oxucu kitabxanada rahatlıqla hərəkət edə bilər. Qeydiyyat otağını tərk edib kitabxanaya doğru addımladım.

 Turniketə yaxınlaşıb plastik kartımdan istifadə edərək Axundovun heykəlinə tərəf qalxdım. Əvvəlcə əsas oxu zalına keçdim. Həftəiçi olduğundan oxucuların az olduğu diqqətimi çəkdi. Gələn ziyarətçilərin əksəriyyətinin gənclər olduğunu müşahidə etdim. Gənclərin kitab eşqi yaşayır! 
  
Aparat vasitəsilə arxivdəki lentləri oxumaq mümkündür 

Müşaiyətçi ilə birlikdə oxu zalından ayrılıb sərgi zalına doğru irəliləməyə başladıq. Kənardakı aparat diqqətimi çəkdi. Qurğunun "mikrofilm" adlandırıldığını öyrəndim. Aparat vasitəsilə arxivdəki lentləri oxumaq mümkündür. Daha sonra sərgi otağı ilə tanış oldum. Burada lövhəyə "Yeni kitablar",  "Əziz Şuşa, biz səni dirçəldəcəyik”, “2 Fevral Gənclər günü” yazılması diqqətimi cəlb etdi. "Yeni kitablar"da kitabxanaya daxil olmuş təzə kitabların nümayiş etdirildiyini bildirdilər. "Əziz Şuşa, biz səni dirçəldəcəyik”in isə "Şuşa ili"nə həsr edilən daimi sərgi olduğunu öyrəndim. “2 Fevral Gənclər günü” başlığının xüsusi əlamətdar günlərə həsr edilən sərgi olduğu məlumatını da qeyd etməyi unutmadılar. 

XVI əsrdən XX əsrin əvvəlinə kimi nadir kitablar...

Sərgi zalından digər zala keçdik. Nadir Kitablar və kitabxana muzeyi şöbəsinin müdiri Abdullayeva Gülsəidə bu zalda kitabxananın bütün fondlarından bu günə qədər yığılmış qədim nəşrlərin toplanıldığını qeyd edib:

“Fondda dilindən, əlifbasından, nəşr yerindən asılı olmayaraq XVI əsrdən XX əsrin əvvəlinə kimi olan kitablar toplanıb. Bütün nəşriyyatlarda çap olunmuş kitabların bir nüsxəsi kitabxanaya verilir. Buradakı ən qədim kitab 1573-cü ilə aid "Homerin Hesiodla mübahisəsi" əsəridir. Fondda Miniatür kitablar kolleksiyası da var. 

Miniatür kitabların sayı 800-ə yaxındır. Həmçinin Nizami Gəncəvinin, Əlişir Nəvainin daş basma nəşrləri də fondda sərgilənir. "Molla Nəsrəddin" jurnalının orjinalını da oxucular bizim fondda görə bilər”.

Sərgi zalı ilə tanış olduqdan sonra 3-cü mərtəbəyə çıxaraq Not nəşrləri və səsyazmaları şöbəsinə daxil olduq. Şöbə müdiri Seyidova Kəmalə oxucuların əsasən musiqiçilər və Asəf Zeynallı adına konservatoriyanın tələbə və müəllimləri olduğunu bildirdi: 

“Şöbənin oxu zalında ziyarətçilər həm Azərbaycan, həm də dünya bəstəkarlarının musiqi əsərlərini mütaliə edirlər. Fonetika zalında isə CD disk vasitəsilə hər bir oxucu musiqiləri kompüterdə səsləndirərək dinləyə bilər”. 

Musiqi zalını da gördük. İndi isə oxucuların dincəlməsi üçün nəzərdə tutulan "Book Cafe" ilə tanış olduq. Məlumat verdilər ki, kafe yeni  təmir edilib. Burada ziyarətçilər kitab oxuyaraq çay, kofe, içib, şirniyyat və digər yeməklərin dadına baxa bilərlər. 

“Yorulanda gəlib kafedə çay içib dincəlirəm”

Kafedə əyləşib kitab oxuyan xanıma yaxınlaşıb fikirlərini öyrəndim.

 Babayeva Lamiyə "Book cafe"də qiymətlərin qaneedici olduğunu dedi:

 "Boş vaxtlarımda kitabxanaya gəlib bədii əsərlər oxuyuram. Xüsusilə imtahanlar vaxtı dərslərimə burada hazırlaşıram. Yorulanda gəlib kafedə çay içib dincəlirəm. Buranın dizaynı çox yaxşıdır. İşçilər də bizi gülərüzlə qarşılayır".
Bütün otaqlar barəsində danışan və kitabxana boyunca məni müşaiyət edən şöbə müdiri Kərimova Könül xanıma hazırladığım sualları verməyi də unutmadım. Kitabxana istifadəçiləri ilə bağlı sualıma cavab verərkən oxucuların əksəriyyətinin tələbə olduğunu bildirdi: 

“Ən çox oxucu şənbə və bazar günləri gəlir. Buna səbəb də həftəsonları iş və təhsil müəssisələrində istirahət günü olmasıdır. Pandemiyadan əvvəl oxucu sayı 1000 nəfərdən çox olurdu. İndi isə karantin qaydalarına uyğun olaraq 400-500 nəfər qiraət edə bilər. Həftəiçi isə 300 nəfər oxucumuz olur”. 

“Elektron bazada cəmi 1 milyon 292 min 289 resurs yerləşdirilib”

Elektron versiya barəsində də məlumat əldə etdik: 

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanuna uyğun hazırladığımız elektron kitablar oxucularımıza onlayn oxu modulu ilə təqdim olunur. Modulda elektron kataloq vasitəsilə kitabların əlçatanlığı asanlaşdırılıb. Kitablarımızı "axtarış" bölməsindən asanlıqla tapa bilərik. Hazırda kitabxananın elektron bazasında cəmi 1 milyon 292 min 289 resurs yerləşdirilib”.

Kitabxanadakı kitab sayının məhdud olması ilə bağlı sualımın cavabında öyrəndim ki, hər kitabın nüsxəsindən maksimum 4 ədəd var: 

“Milli kitabxananın fondu 4 miyon 619 min 345 nüsxə təşkil edir. Bir kitabın nüsxəsinin sayı çox olmadığından kitablar həm də oxuculara elektron şəkildə təqdim edilir. Bu həm də vaxt itkisinin qarşısını alır”.

“Kitabxanada fasiləsiz Wİ-Fİ sistemi quraşdırılıb”

Şöbə müdiri zallarda oxucuların istifadəsi üçün tam şəraitin yaradıldığını söylədi. Onun söylədiklərinə görə, kitabxanada fasiləsiz Wİ-Fİ sistemi quraşdırılıb. Həmçinin otaqların istilik və sərinlik səviyyəsi tənzimlənir. 

“Fiziki qüsurlu şəxslərdən isə ödəniş alınmır” 

Söhbətimiz əsnasında sürətçıxarma vasitələrindən istifadə qiymətini də öyrəndim. Kitabın hər səhifəsi 2 qəpikdən hesablanır. Fiziki qüsurlu şəxslərdən isə ödəniş alınmır. 

Şöbə müdiri Milli Kitabxanadakı bütün xidmətlərin ödənişsiz olduğunu vurğuladı: 

“Qeydiyyatdan keçmə, kitabın əldə edilməsi və digər bütün xidmətlər ödənişsiz şəkildə ziyarətçilərimizə təqdim edilir”.

Bəs onda uşaq zalı nə üçündür? 

Artıq yorulmuşdum. Amma yeni istifadəyə verilmiş uşaq zalının olması mənə maraqlı gəldi. Qeydiyyat otağından əldə etdiyim məlumatda kitabxananın 16 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulduğunu söyləmişdilər. Bəs onda uşaq zalı nə üçündür? 

Uşaq zalı barəsində böyük kitabxanaçı Saniyeva Fidandan məlumat aldım. O, bu zalın uşaqların valideynini gözləməsi üçün nəzərdə tutulduğunu bildirdi: “Uşaq şöbəsi 2020-ci ilin dekabrından fəaliyyət göstərməyə başlayıb. Valideyn yuxarıda kitab oxuyarkən uşaqları burada gözləyə bilər. Burada uşaqlar üçün nəzərdə tutulmuş ədəbiyyatlar, kitablar var. Əgər kitab oxumaq istəmirlərsə, o zaman televizor vasitəsilə cizgi filminə baxa bilərlər. Burada uşaqların gözləməyi ilə bağlı vaxt limiti yoxdur”.

“Yeni kitabları tapa bilmirəm”

Artıq kitabxanadan ayrılmaq vaxtı çatdı. İşçilərlə sağollaşıb oranı tərk etdim. Çıxışda bir oxucu ilə də həmsöhbət oldum. Kitabxananın ziyarətçisi Travmotoloq-ortoped Fərid Əbilov təəssüratlarını bölüşdü: “Kitab oxumağı çox sevirəm. Çalışdığım sahə üzrə biliyimi artırıram. Oxumaq istədiyim kitabları başqaları oxuduğu vaxt elektron versiyadan istifadə edirəm. Narazı olduğum bir məsələ var. Yeni kitabları tapa bilmirəm. Sahəm üzrə yalnızca 2018-ci ilə qədərki kitablar var. Təzə kitabların gətirilməyi çox yaxşı olar”.

Hazırladı: Xanlar ƏLİBƏY