Əlaməti qızdırma və öskürəkdir...

Koronavirus əhatə dairəsini genişləndirib

Artıq uşaqlar da bu xəstəliyin ağır fəsadları ilə üz-üzə qalıblar


Bu günlərdə bütün dünyada, eləcə də ölkəmizdə ən önəmli gündəm maddəsi koronavirus xəstəliyidir. Dünyada yüzminlərlə insanın həyatına son qoyan koronavirus uşaqlar arasında da geniş yayılmağa başlayıb. Hətta pandemiyanın nadir siptomları müşahidə edilən uşaqlar arasında ölənlər də var. Təbii ki, virusun uşaqlar arasında da geniş vüsət alması və ölümcül olması valideynləri narahat edən və həkimləri ən çox düşündürən problemlərdən biridir.
Həkim Şahin Məmmədov "Şərq"ə açıqlamasında deyib ki, uşaqlarda COVİD-19 infeksiyasının yüngül keçməsi fikri əvvəlki statistik göstəricilərə görə idi. Həkim vurğulayıb ki, əvvəlki statistikaya görə, 18 yaşdan kiçik xəstələr ümumi xəstə sayının 2 faizini təşkil edirdi: 

"Amma ind bu faiz altıdır. Bu ilin aprel ayından uşaqlarda bəzən koronavirusun çox ağır keçməsi hallarına rast gəlinməkdədir. Hətta onlarda "Kavasaki" xəstəliyinə bənzər xarakteristikanın rast gəlinməsi kimi hallar barədə məlumatlar bütün dünyada çoxalmaqdadır. Bu cür ağır gedişli COVİD-19 infeksiyası uşaqlarda təzəlikcə MİS-C adlandırılıb. MİS-C nin diaqnostik kriteriyalarına davamlı 38 dərəcədən çox qızdırma, multisistem- yəni 2-dən artıq orqanın funksiyasında pozulması daxildir".

Ş.Məmmədov qeyd edib ki, koronaviruslu uşaqlarda Mis-C nin altda yatan səbəbi hələ ki, tam məlum deyil: "Amma immun sisteminin qüsurlu olması düşünülür.  Uşaqlarda koronavirusun ən çox rast gəlinən əlaməti qızdırma və öskürəkdir.

Hər iki əlamət 56 faiz xəstələrdə görünür. Böyüklərdə bu rəqəm müvafiq olaraq 71 və 80 faizdir. Yəni uşaqlarda 44 faiz hallarda nə qızdırma, nə də ki, öskürək olur.

Uşaqlarda döş qəfəsinin KT müayinəsində bir, ya ikitərəfli olmaqla subplevral buzlu şüşə kölgəlikləri ilə Holo əlaməti daha çox rast gəlinir. Böyüklərdə isə Holo əlaməti (diskə oxşayan kölgəlik) olmur, ya nadir rast gəlinir. Hesab edirəm ki, uşaqlar koronavirusa yoluxmur deyə bir anlayış yoxdur. Böyükdən kiçiyə hər kəs bu təhlükədən qorunmalıdır".