8 xəstəxana ilə iş bitmir:“Bütün səhiyyə ocaqları araşdırılsın!”

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən bır sıra tibb müəssisələrində yoxlamalar başa çatıb. Aprel-iyun aylarında paytaxt Bakı şəhəri istisna olmaqla ölkə ərazisi üzrə ümumilikdə 46 tibb müəssisəsini əhatə edən yoxlama-nəzarət tədbirləri zamanı qidalanma rejiminin təşkili, ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti, qida təhlükəsizliyi tələblərinə əməl olunması yoxlanılıb.


Yoxlama tədbirləri nəticəsində fəaliyyətində ciddi nöqsanlar aşkarlanmış səkkiz tibb müəssisəsi ilə bağlı zəruri məlumatlar toplanaraq hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim olunub. Həmçinin bir sıra tibb müəssisələrində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmaması ilə bağlı vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb edilib.

Sözügedən yoxlamalarla bağlı “Sherg.az”a danışan Azərbaycan Demokrat Partiyası sədrinin müavini, həkim Həsrət Rüstəmov bildirib ki, ölkəmizdəki səhiyyə müəssisələrindəki nöqsanlar üzücü olsa da, gözləniləndir:

“Əslində səhiyyə sistemindəki çatışmazlıqlar hökumətin günahıdır. Çünki 30 il ərzində ölkəmizdə səhiyyə islahatları aparılmayıb. Dəqiq bilmirəm, keçmiş SSRİ respublikalarından bizim kimi səhiyyə islahatlarını gec aparmağa başlayan  ölkələr varmı? Amma qonşu Gürcüstanda 15 il öncə bu islahatlar Mixail Saarkaşvilinin dövründə aparılıb və səmərəli olmuşdu.

Biz də Gürcüstan modelindən istifadə edə bilərdik. Lakin Azərbaycan səhiyyə islahatlarına çox gec, 2 il öncə başladı. Sonra isə pandemiya oldu və bu dönəmdə demək olar ki, islahatların böyük hissəsi həyata keçirilməmiş qaldı. Ona görə də səhiyyə sistemimizdə neqativliklər aşkar olunur.

Ölkəmiz keçmiş sovetdən qalma səhiyyə sistemi ilə çalışır, səhiyyəyə ayrılan pulların böyük hissəsi korrupsiyaya məruz qalır. Bu gün də əmin deyilik ki, ayrılan pullar həqiqətən təyinatı üzrə xərclənir, ya yox? Təbii ki, nöqsanlar bütün xəstəxanalarda var. Digər xəstəxanaları da araşdırsalar, eyni problem az və ya çox dərəcədə mövcuddur”.

Aparılan araşdırmaların müsbət nəticələrə səbəb olub-olmayacağına gəlincə, H.Rüstəmov vurğulayıb ki, yoxlamaların keçirilməsi yaxşı haldır və müsbət təsirlərini göstərəcək:

“TƏBİB nə qədər prinsipial şəkildə belə araşdırmalara davam edəcəksə, nöqsan sahibləri obyektiv şəkildə cəzalandırılacaqsa, effektiv olacaq. Yalnız 8 xəstəxananı araşdırmaqla iş bitmir. Bu yoxlamalar bütün səhiyyə ocaqlarında sistemli olaraq həyata keçirilməlidir”.