Qorxulu Hindistan ştammı: Qapanmalar olacaq? 

Koronavirusla bağlı dünyanı bürüyən daha bir narahatlıq Hindistan ştammı ilə bağlıdır. Yeni ştamm Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “Delta” adlandırılıb. Onun daha yoluxucu və ağır fəsadlara yol açdığı, vaksinlərə, dərmanlara daha az təslim olduğu bildirilir.
Artıq Hindistan ştammı bir çox ölkədə yayılıb. Ölüm hallarının artmasına səbəb olan yeni ştamm Rusiyada da sürətlə yayılmağa başlayıb. Məlumdur ki, Rusiya qonşu ölkələrdən biridir və bu durum cəmiyyətimizə müəyyən narahatlıqlar yaradır.

Maraqlıdır, Hindistan ştammı Azərbaycanda qapanmalara səbəb ola bilərmi?

Sualımızı cavablandıran tanınmış həkim-psixoterapevt Əli Nağıyevin sözlərinə görə, həqiqətən də Hindistanda vəziyyət çox ağır və acınacaqlıdır:

“İstənilən halda xəstəliyin bütün ştammları COVİD-dir. İndidən demək olmaz ki, bu durum ölkəmizdə hansısa partlayışa və ya qapanmalara səbəb olacaq. Düşünürəm ki, dünyada gedən vaksinasiya prosesində öndə olan ölkələrdən biriyik. Bu baxımdan Azərbaycanda payıza qədər ciddi qapanmaların olacağını gözləmirəm. Payızda isə yerli epidemioloji vəziyyət nəzərdən keçiriləcək və qərarlar bu durumdan asılı olacaq. O zamana qədər hansı ştamm yayılırsa yayılsın, Azərbaycanda ciddi qapanmaların baş verəcəyini ehtimal etmirəm. Çünki bir vaksin bütün ştammlara nisbətdə müəyyən qədər aktivlik göstərməlidir”.