"Əzizlərim, vaksin vurdurun, canınız qurtarsın"

Razi Nurullayev: "Yoxsa, hər addımda, hər idarədə, toyda, restoranda, iş yerində pasport soruşacaqlar"

“Vaksin bütün dünyada könüllülük prinsipləri əsasında aparılır, amma tətbiq edilən məhdudiyyətlər vaksinləşməni 100 faiz məcburi edir”. Bu sözləri millət vəkili, MCP sədri Razi Nurullayev deyib. Deputat bildirib ki, digər ölkələrdə vaksin vurdurmayanlar üçün şərtlər daha ağırdır və məhdudiyyətlər tətbiq edilir:

“Hər kəsi vaksin vurdurmağa səsləyirəm. Vaksin vurdurun, canınız qurtarsın. Mən vurdurmuşam və peşman da deyiləm. Sadəcə bir narahatlığım odur ki, vaksinləşməni də siyasiləşdiriblər. Çin və Rusiya istehsalı vaksinləri Qərb tanımır. İndi nə edək? Mütləq Qərb istehsalı vaskin vurdurmalıyıq? Bu çox əcaib və ədalətsiz bir yanaşmadır və ikili siyasətdir. Bu yanaşmanı və siyasəti qətiyyətlə pisləyirəm. Əzizlərim! Vaksin vurdurun. Yoxsa, hər addımda, hər idarədə, toyda, restoranda, iş yerində pasport soruşacaqlar. Vaxtınız, əsəbləriniz gəriləcək və həm də risk qrupunda olacaqsınız. Virusdan qorunmağın yolu budur. Bu həm də özünüzə aiddir. Təyyarəyə buraxmayacaqlar, Bakıda olan xarici şirkətlərə, xarici xəstəxanalara və digər xariici məkanlara daxil ola bilməyəcəksiniz, işə düzəlmək başağrısı olacaq. Yəni hər addımda stres sizi gözləyir. Bizə stres lazımdır? Yox, əlbəttə. O zaman vaksin vurdurun və canınız qurtarsın!”.