Artıq bu işin zarafatı yoxdur

Tanıdığınız hər narkotika satıcısını anonim olaraq DİN-in elektron hesabına şikayət edin

“Son il yarımdır Azərbaycanda uyuşdurucu vasitələr, xüsusilə də metamfetamin törəmələrinin istifadəsi dəfələrlə artıb. Təcili tədbir görmək zamanıdır”. Bu barədə tanınmış həkim, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl deyib. Həkim bildirib ki, Sumqayıt monitorinqinin nəticələri bu bəlanın sənaye şəhərimizdə dəfələrlə artdığını ortaya qoyub:

“Görüləsi işləri qısa və uzunmüddətli tədbirlər olaraq ikiyə bölmək olar. Vəziyyət cəld tərpənməyi tələb edir. Narkobaronlara əl çatdıracağımıza indilik inanmıram. O gün bir sistem işçisi ilə söhbətim oldu. Mənə hər kəsin Daxili İşlər Nazirliyinin səhifəsində anonim olaraq bildikləri narkotik satıcılarını şikayət etməsini təklif etdi. İndiki vaxtda ən yaxşı çıxış yolunun bu olduğu görünür. Pandemiyada camaat ciddi maddi itkiyə məruz qaldı. Əvvəl bu işə baş qoymayanlar da narkotik satıcılarına çevrildi və minlərlə övladımızı buna bulaşdırdı. Bu işin zarafatı yoxdur artıq. Hamını tanıdığı, şübhələndiyi narkotik satıcısını anonim olaraq DİN hesabına şikayət etməyə səsləyirəm!”.