Dünya addım atdı, biz də atmalıyıq

12-15 yaşlı yeniyetmələrə peyvənd vurulması qaçılmaz olacaq

Ötən gün Səhiyyə Nazirliyi yeniyetmələrə peyvənd vurulması ilə bağlı qərarı açıqlayıb. Qərara görə, müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer ("Comirnaty") peyvəndi vurula bilər. Bununla bağlı cəmiyyətdə fikirlər haçalanıb desək yanılmarıq. Bəziləri uşaqlara peyvənd vurulmasının əleyhinə olduğunu deyir, bəziləri bunu kütləvi immunitetin formalaşması istiqamətində önəmli addım kimi qiymətləndirir.

Mövzu ilə bağlı danışan həkim-pediatr Vaqif Qarayev "Şərq"ə açıqlamasında bildirib ki, o, uzun illərdir ki, uşaqlara peyvənd vuran həkimlərdəndir.  Həkim vurğulayıb ki, sovet dönəmində vaksinasiya məcburi idi:

 "Əslində, düz də edirdilər. Çünki əhalinin sanitar mədəniyyəti arzuolunan səviyyədə deyildi. Vaksinasiya sayəsində qorxulu uşaq infeksiyalarının qarşısı alınırdı. Çox uzağa getməyək, 90-larda müharibə ilə bağlı ölkədaxili miqrasiya güclənmişdi. Bunun nəticəsində uşaqlar peyvəndsiz qalmışdı və difteriya adlı təhlükəli bir xəstəlik tüğyan edirdi. Hətta ölüm də vardı və vəziyyət çox kritik idi. Bu epidemiyanın qarşısı vaksinasiya ilə alındı və uşaqları da qoruya bildik. Hesab edirəm ki, peyvəndlə bağlı ciddi mənbələri oxusaq daha yaxşıdır".

Həkim-pulmonoloq Nərminə Rəfiyeva "Şərq"ə açıqlamasında vurğulayıb ki, hazırda dünyanın bir sıra ölkələrində yeniyetmələrə və uşaqlara COVİD 19 peyvəndi vurulur. Həkim qeyd edib ki, bu istiqamətdə yaxşı nəticələr də əldə edilib: 

"COVİD-19 xəstəliyinin peyvəndi bizdən öncə bir sıra ölkələrdə həyata keçirilib. Əlbəttə ki, bu, kütləvi immunitetin yaranmasına müsbət təsir edəcək".