İnfeksionist: "Uşaqlara "Sinovac" peyvəndi tövsiyə olunmur"

"Bu günədək peyvəndlərin ciddi yan təsirləri qeydə alınmayıb".  

Bu fikirləri "Sherg.az"a açıqlamasında həkim-infeksionist Mərdan Əliyev deyib.  

Həkim qeyd edib ki, peyvəndlər praktik istifadə olunandan sonra da dünyada onun ciddi yan təsirləri ilə bağlı hər hansı bir məlumat verilməyib: 

"Düzü, biz də öz praktikamızda buna rast gəlməmişik. Bu günləri ən çox verilən suallardan biri 12-15 yaşlı yeniyetmələrin peyvənd olunması ilə bağlıdır. Bilirik ki, məktəblərin açılması ilə əlaqədar uşaqlar koronavirus infeksiyasına yoluxa bilər. Ona görə də bunun qarşısını almaq üçün uşaqlara da peyvənd vurulmalıdır.  Bu gün  bir çox valideynləri düşündürən məsələlərdən biri də uşaqlara nəyə görə "Sinovac" yox "Pfizer" peyvəndinin vurulması ilə bağlıdır. İlk növbədə qeyd edim ki, uşaqlara "Sinovac" peyvəndi tövsiyə olunmur. Çünki "Pfizer" peyvəndinin həm yan təsirləri daha azdır, həm də təmiz peyvənddir. Onu da qeyd edim ki, bu peyvənd son texnologiyalara görə hazırlanıb. Ona görə də onun vurulması tövsiyyə olunur. "Sinovac" peyvəndi isə daha ənənəvi üsullarla hazırlanıb. "Pfizer" Avropa peyvəndidir və bu günləri daha çox onun üzərində araşdırılmalar aparılır. Uşaqlar üzərində aparılmış araşdırmalar zamanı da məlum olub ki, bu peyvənd onlar üçün də zərərsizdir".