Koronadan qurtulanlarda problemlər qalır

Psixoloq: "Qeyd olunan 30 faiz bir az ciddi rəqəmdir"

Koronavirusa yoluxub sağalmış insanların yalnız 30 faizinin psixikası bərpa olunur, belə şəxslər arasında depressiyadan əziyyət çəkənlər çoxdur. Bu fikri Moskva Şəhər 52 saylı Klinik Xəstəxanasının Baş həkimi Maryana Lısenko səsləndirib. 

Lısenko Birinci kanalın efirində bildirib ki, psixiatrlar durmadan həyəcan təbili çalırlar, depressiv vəziyyətdə olanların sayı həddən artıq çoxdur. O bildirib ki, koronavirusa yoluxub sağalanların yalnız 30 faizi xəstəlikdən əvvəlki psixi vəziyyətə qayıda bilirlər. Onun qalıcı olub-olmaması isə hələlik bilinmir.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən psixoloq Zeynəb Eyyubova bildirib ki, bu fikirlərlə qismən razıdır. Psixoloq qeyd edib ki, koronavirusa yoluxub sağalan insanların əksəriyyəti real həyata çox uğurla adaptasiya olur: 

"Əslində burda qeyd olunan 30 faiz bir az ciddi rəqəmdir. Bunun statistikasının nə dərəcədə doğru olduğunu deyə bilmərəm. Bu gün, hətta ən pik həddə koronavirusa yoluxan və aparatlara qoşulan insanlar var ki, onlar çox normal şəkildə həyatlarını davam etdirirlər, normal da iş fəaliyyətləri ilə məşğuldurlar. Sadəcə, normal həyatda hər şeyə həyəcanlanan, emosional, o cümlədən panik atakları olanlar xəstəlikdən sonra daha da problemli ola bilərlər".