Koronavirusun yeni ştammı o qədər də öldürücü və yoluxucu deyil


Rusiyadan fərqli olaraq Britaniyada statistika fərqli mənzərəni ortaya çıxarıb

Koronavirusun yeni yayılmış AY.4.2 ştammı artıq dünya ölkələrində narahatlıq yaradıb. Böyük Britaniyada aşkarlanan koronavirusun bu yeni ştammı təhlükəli hesab edilir. AY.4.2 adı almış yeni ştamm "Delta"dan 10-15 faiz daha yoluxucu sayılır. Araşdırma təsdiqini taparsa, AY.4.2 ştammı tarixdə ən yoluxucu ştamm adını alacaq. Britaniyada virusun yoluxma hallarını 10 faiz artırdığı təxmin olunur. Böyük Britaniya ilə yanaşı, İsraildə də virus 9 yaşlı uşaqda aşkar olunub.

Mövzu ilə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov "Şərq"ə açıqlamasında deyib ki, Rusiyada əhali arasında sürətlə yayılmağa başlayan koronavirusun AY.4.2 növünü yeni ştam adlandırmaq olmaz. O qeyd edib ki, bu, koronavirusun “delta” variantının bir növüdür: "Buna hətta hamının bildiyi “delta plus” ştammı da demək olar. Koronavirusun bu növü ilk dəfə Böyük Britaniyada aşkar edilib: 

“Hazırda Rusiya mətbuatında adıçəkilən növün əvvəlki ştamlara nisbətdə daha çox yoluxdurucu, öldürücü və uşaqlar arasında xəstəlik törətdiyi deyilsə də, İngiltərə bu barədə onlarda belə bir statistikanın olmadığını bəyan edir”.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı AY.4.2 növünü hazırda tədqiqat altında olan variant olaraq qiymətləndirir:

 "Bu növün 10-15 faiz daha yoluxdurucu olduğu qeyd olunur. Koronavirusun yeni variantlarının meydana gəlməsi prosesi davam edir. Çünki dünya əhalisi arasında vaksinasiya hələ istənilən səviyyədə deyil. Bu da istər-istəməz yeni ştamların meydana çıxmasına şərait yaradır. Nəzərə alsaq ki, virus orqanizmdən-orqanizmə keçdikdə yeni mutasiyalar üçün şərait yaradır. Peyvənd olunanların sayı nə qədər çox olsa, virusun digər orqanizmə keçmək şansı qalmayacaq və yeni mutasiyalar olmayacaq. Vətəndaşların, əsasən də risk qrupuna aid şəxslərin peyvənd olunmaları mütəxəssislər tərəfindən tövsiyə olunur”.