Əlbəttə, koronavirusun sonu gələcək

İnsanları qorxu altında saxlamaq olmaz

Professor: "Sadəcə olaraq, insanlarda psixi stabilliyin təmin olunmasına, onların normal həyata qayıdışına, istər dövlət, istərsə də tibb ictimaiyyəti mənəvi dəstək göstərməlidir"

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "Covid-19"-la bağlı xüsusi komitəsinin aylıq iclası keçirilib. Tədbir Cenevrədə baş tutub. Komitənin rəhbəri Didiye Husin dövlətləri ÜST-nin qəbul etdiyi bütün vaksinləri tanımağa və tətbiq etməyə çağırıb. O bildirib ki, vaksinasiyanın sürətlənməsi sayəsində son aylarda yoluxma ilə bağlı vəziyyət yaxşılaşsa da, pandemiya qısa vaxtda başa çatmayacaq. Bəs, tarixi təhlil və məntiqi elmi yanaşma nə deyir? 

Sualımızı cavablandıran tibb elmləri doktoru, professor Musa Qəniyev "Şərq"ə açıqlamasında bildirib ki, sivilizasiyalı insan cəmiyyətinin formalaşdığı antik dövrdən günümüzə qədər, baş verən və tarixin yaddaşına əbədi həkk olunmuş 60 epidemiya və pandemiya olub. Professor vurğulayıb ki, yalnız onun bir neçəsinin ümumi davam etmə müddəti 2 il göstərilir: 

"Bu müddətin özü də infeksiyanın başlanması və nisbi lokallaşması halı kimi dəyərləndirilir, yəni mütləq yoluxduruculuq və ya letallıq tarixinin davamı müddəti kimi yox. Canlı orqanizmin mövcudluğunun təməl əsası, fəsli növbələşməyə uyğun orqanizmdə törənən təməl dəyişikliklərdir. Təbiətin özünütənzim mexanizmlərinə görə, ən ağır virus infeksiyasının aktiv yoluxdurma və “pik letallıq” dövrü ilin xronoloji fəsli dəyişikliklərinə görə 12 ay, yəni ardıcıl növbələşən dörd fəsildən artıq ola bilməz. Viral infeksiyaların aktiv yoluxma, yəni keçid yolu bronx-ağciyər sistemidir. Bronx-ağciyər sistemi orqanizmdaxili mühiti, ətraf aləmlə əlaqələndirən əsas vasitədir. Odur ki, istənilən bakteriya, göbələk, mikrob, virus və s. amillərlə uzunmüddətli, hətta fasiləli kontakt dörd fəsil müddətinə makro və mikroorqanizmlərdə simbioz yaşamaya xidmət edən dəyişikliyə səbəb olmalıdır".

Professorun sözlərinə görə, sonrakı illərdə, məlum infeksiyaların yalnız lokallaşma və sporadikləşmə halı müşahidə oluna bilər: 

"Orqanizmdə ciddi keyfiyyət dəyişiklikləri, yalnız payız və yaz fəslində baş verdiyindən, viral infeksiyaların fəsli artımı, yalnız bu dövrlərdə baş verməlidir və baş verir. Bu, təbii qanunauyğunluqdur. Burada ziddiyyətli məqam mövcud problemə qeyri-düzgün yanaşmadır. Məsələn, iddia olunurdu ki, 2020-ci ilin payız fəslində digər viral infeksiyalar praktik olaraq yox idi, hətta qrip 98 faiz azalmışdı. Səbəbini, "Covid-19"-un digər infeksiyaları sıxışdırıb aradan çıxarması ilə əlaqələndirir, bunu hətta müsbət hal kimi vurğulayırdılar. Əslində, "Covid-19" hüceyrələrə reseptor mexanizmlərlə daxil olduğundan, digər viral infeksiyaların hüceyrələrə giriş yolu- “intra və parasellülyar qapılar” açıq qalır. Bu səbəbdən, "Covid-19" digər viral infeksiyalara, hətta fəsli yoluxma riskini kəskin şəkildə artırmalı idi. Keçən il bu hal ona görə baş vermədi ki, əksər dünya ölkələri tam qapanma rejiminə keçmişdi. Hazırda praktik olaraq məhdudiyyətlər tamamilə aradan götürülüb. Odur ki, pandemiyadan əvvəlki illərdə olduğu kimi viral infeksiyaların fəsli artımı olmalıdır. Bunu "Covid-19"-un alovlanması və ya növbəti dalğası kimi tədqim edib, guya, peyvəndin effektiv olmaması və ya bu infeksiyanın hələ sonu görünməyən, uzun illər davam edəcəyi kimi təqdim edib, insanları qorxu və “təpki” altında saxlamaq olmaz. Bunlar tamamilə yanlış, səhv fikir və heç bir elmi məntiqə istinad etməyən yanaşmadır".

M.Qəniyev vurğulayıb ki, hazırda "Covid-19"-la bağlı qorxuya, təlaşa və gələcəyə ümidsiz baxmağa heç bir əsas yoxdur: 

"Bütün dövrlərdə olduğu kimi, bu gün də həyat öz axarı ilə davam edir. "Covid-19"-un həyatı öz macərasından çıxara bilməsini düşünmək belə mənasızdır. Sadəcə olaraq, insanlarda psixi stabilliyin təmin olunmasına, onların normal həyata qayıdışına, istər dövlət, istərsə də tibb ictimaiyyəti mənəvi dəstək göstərməlidir. Ölkəmizdə iqtisadi stabilliyin qorunması, əhalinin maddi rifah halının yaxşılaşdırılması üçün, bütün istehsal və qeyri-istehsal sahələri, qeyri-şərtsiz olaraq açılmalı və tam gücü ilə işləməlidir. COVİD-19-la bağlı istər sosial şəbəkələrdə, istərsə də digər təbliğat vasitələrində, fikir bildirən şəxslər, işlətdiyi hər bir sözün məsuliyyətini və törədəcəyi fəsadları qabaqcadan və çox ciddi şəkildə düşünməlidir. Bir daha təkrar edirəm ki, COVİD-19 sosial bəla və milli faciə deyildir. Ondan qurtulmanın yolu çox sadədir: yalnız “şəxsi gigiyenik qaydalara və məlum ünsiyyət formalarına dönmədən və ardıcıllıqla əməl olunması” və "Covid-19" kəlməsinin birdəfəlik unudulmasıdır".