Mədə-bağırsaq xəstəliklərinin sayı artıb


Aygün Sadıxova: "Xəstəliyin əsas əlamətləri yüksək hərarət, mədə-bağırsaq sisteminin pozulması və iştahsızlıqdır"

Son 10 ildə uşaqlar arasında mədə-bağırsaq sistemi xəstəliklərinin sayı artıb. Bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova nazirliyin "İnstagram" səhifəsində "Uşaqlar və COVİD-19" mövzusunda canlı yayımda qonaq olarkən deyib. O bildirib ki, bu, uşaqlara düzgün həyat tərzinin təbliğ edilməməsi və onlarda düzgün qida vərdişinin olmaması ilə bağlıdır: 

"1-13 yaşlı uşaqlar arasında 2013-cü ildə ilk dəfə mədə-bağırsaq sistemi xəstəlikləri 35 min 954 uşaqda aşkar edilmişdisə, 2020-ci ildə bu rəqəm 42 min 490 nəfər olub. Həmçinin, 18 yaşadək uşaqlar arasında 2013-cü ildə bu rəqəm 45 732 nəfər idisə, 2020-ci ildə 57 min 592 nəfər olub. Bundan başqa, 2020-ci ildə endokrin sistem xəstəlikləri isə 18 yaşına qədər uşaqlar arasında 10972 nəfərdə aşkarlanıb".

Mövzu ilə bağlı Mərkəzi Gömrük Hospitalının həkimi, pediatr-neanotoloq Aygün Sadıxova "Şərq"ə açıqlamasında bildirib ki, uşaqları mədə-bağırsaq xəstəliklərindən qorumaq üçün onları düzgün qidalandırmaq vacibdir. Həkim vurğulayıb ki, son vaxtlar uşaqlar arasında mədə-bağırsaq xəstəlikləri artıb:

 "Xəstəliyin əsas əlamətləri yüksək hərarət, mədə-bağırsaq sisteminin pozulması və iştahsızlıqdır. Qastroenterit adlanan bu infeksiyanın yaranmasının əsas səbəbləri düzgün qidalanmama, gigiyenik qaydalara riayət olunmamasıdır. Xəstəliyin əlamətləri temperaturun yüksəlməsi, ürək bulanma və qusma hallarının tez-tez baş verməsi, yorğunluq, əzginlik, ishal hallarının get-gedə artması, iştahın kəsilməsi, susuzluq hissinin olması, göz almalarının çuxura düşməsidir. Bütün bu ilkin əlamətləri aşkarladıqda mütləq uşaq həkiminə müraciət edilməlidir. Belə ki, əks halda daha ciddi fəsadlarla üz-üzə qalmaq olar. Qidalanmaya xüsusi diqqət yetirmək lazımdır. Uşaqlara çoxlu maye içizdirmək, meyvə-tərəvəz vermək məsləhətdir. Əgər ishal gün ərzində 4 dəfədən çox deyilsə və temperatur çox yüksək deyilsə, uşağa yataq rejimində bol maye verməklə və düzgün qidalanma ilə xəstəliyi müalicə etmək olar. Bu zaman virus 3-5 günə keçib gedəcək. Uşaqlar üçün yemək hazırlayarkən tam əmin olmaq lazımdır ki, yumurta və ət yaxşı bişsin, içdikləri su və yedikləri meyvə-tərəvəz təmiz olmalıdır. Uşaqlar gün ərzində ən azı 1 saat açıq havada gəzməlidirlər".

Həkim-pediatr Xəyalə Quliyeva isə "Şərq"ə açıqlamasında bildirib ki,  həqiqətən də son günlər uşaq və yeniyetmələr arasında bağırsaq infeksiyalarının sayı artıb. Həkim diqqətə çatdırıb ki, burda əsas yeri isə rotavirus tutur:

 "Rotavirus adından bəlli olduğu kimi virus infeksiyalar qrupuna daxildir. Əsas şikayətlər burda temperaturun qalxması, ishal və qusmadır. Eyni zamanda boğazda qızartı da müşahidə oluna bilər. Bu, virus infeksiyası olduğuna görə, onun müalicəsində antibiotik tələb olunmur. Ancaq çox təəssüf ki, hələ də bu yanlışlığa tez-tez rast gəlirik. Bəzən analar rotavirus infeksiyasında özbaşına antibiotikdən istifadə edirlər. Hətta bəzi həkimlərimiz də antibiotik istifadə edir. Hansı ki, burda virus infeksiyası olduğuna görə antibiotikdən istifadə etmək lazım deyil. Bu xəstəliyin müddəti 3-7 gün çəkir. Burda əsas müalicə qusma və ishal zamanı itirilmiş su və duzun yerinə qoyulmasından ibarətdir. Bu xəstəlikdə temperaturun çox zaman 40-a qədər yüksəldiyi müşahidə olunur. Belə olduğu təqdirdə uşağı qəti şəkildə imalə etmək, yaxud da istilik salan şam qoymaq tövsiyə olunmur. Onu da qeyd edim ki, bu xəstəliyə görə peyvənd də var. Yəni bu, könüllü edilir".