Yerli məhsullar "quş südü"nə dönüb

Əhali uzun müddətdir keyfiyyətsiz GMO kartoflarla qidalanır

"Çünki fermerə lazımi dəstək göstərilməyib. Ona görə də yerli məhsul qıtlığı yaşanır"
Bazar və marketlərdə yerli kartof bahadır, həm də azdır. Qazax kartofunun qiyməti 2 manata qalxıb. İrandan gətirilən kartofun qiyməti isə 80-90 qəpik arası dəyişir. Əhali ucuz kartofun yerli deyil, məhz İran, ya da Rusiyadan gətirildiyini bilir artıq. 

Amma bu kartofların keyfiyyətsiz olduğu da bəllidir. Nə edəsən ki, Gədəbəy, Tovuz, Qazax, Şəmkir, Cəlilabad kartofları “quş südü”nə dönüb. Əhali uzun illərdir keyfiyyətsiz,  GMO (genetik modifikasiya olunmuş) kartoflarla qidalanır. Bunun orqanizm üçün fəsadlarını hələlik qoyaq kənara. Hərçənd, əsas məsələ elə bu olmalıdır. Ancaq ümumilikdə ərzaq məhsullarının qiyməti göylərdə “oynadığı” bir vaxtda keyfiyyət istər-istəməz ikinci plana keçir. Birinci yeri kəmiyyət və qiymət tutur. 

Nəinki yerli məhsullar, xaricdən gətirilən məhsulların da qiymətində nəzərəçarpan artım müşahidə edilir. Bir tərəfdən qiymət bahalığı, bir tərəfdən də keyfiyyətsiz məhsul. Satışdakı kartofların sir-sifətinə baxanda insanın iştahı da qaçır. Soğanlar da belədir. Kəsirsən, içi çürük. Səbəbini də məhsulların uzun müddət soyuducu anbarlarda saxlanması göstərilir. Soyuq mühitdə saxlanaraq dondurulmuş məhsul gün üzünə çıxan kimi buzu əriyir, qısa zamanda çürüməyə başlayır. Ölkəyə keyfiyyətsiz məhsul idxal edənlər də hələ var. Bu günlərdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı fiziki şəxs Məcidov Əhliman Əli oğlu tərəfindən Rusiya Federasiyasından ölkəmizə idxal edilən 67000 kq toxumluq kartof məhsuluna baxış keçirilib. AQTA-nın məlumatında qeyd olunur ki, baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm (“Ralstonia solanacearum” - kartofun qonur çürüməsi) aşkar edilib. Agentlik tərəfindən istifadəyə yararsız toxumluq kartof məhsulu partiyasının məhv edilməsi barədə qərar qəbul edilib. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülür.

İqtisadçı Əkrəm Həsənov “Şərq”ə açıqlamasında yerli məhsul qıtlığının əsas səbəbinin kənd təsərrüfatının zamanında inkişaf etdirilməməsi olduğunu dedi: 

- Əsas səbəb məlumdu. Kənd təsərrüfatının inkişaf etdirilməsi zaman tələb edir. Vaxtında buna diqqət edilmədi. Bütün sahələr neft gəlirləri üzərinə yükləndi. İndi isə neftdən asılılığı azaltmağa çalışırlar. Kənd təsərrüfatının da dirçəldilməsi tələb olunur. Görürük ki, bu sahədə güzəştlər tətbiq edilir. Subsidiyalar ayrılır, yeni şirkətlər, səhmdar cəmiyyətlər yaradılır və sair. Kənd təsərrüfatının qaydası budur ki, məhsulun həcmi çox olduqda gəlir gətirir. Əks halda qiymət bahalaşması labüddür. Problem bundadır ki, bizdə fermerlər geniş sahələrdə əkinlə məşğul ola bilmir. Bunun üçün maddi imkanlar olmalı və fermerə dövlət dəstəyi olmalıdır. Fermer yetişdirdiyi məhsulun bazara çıxarılıb satılmasından və ona gəlir gətirəcəyindən arxayın olmadığı üçün böyük məhsuldarlığa risk etmir. Qorxur ki, məhsul əlində qalar, çəkdiyi xərc batar. Ona görə də məhsulun həcmi az olur, qiymətsə baha. Bunun da səbəbi investisiya mühitinin zəif olmasıdır. Fermer banklardan böyük həcmli kredit almağa risk etmir. Şərikli biznez qurmağa da həmçinin. Çünki məhkəmə-hüquq sisteminə bel bağlaya bilmir. Fermer sabah digər səhmdarlarla arasında yarana biləcək anlaşılmazlıqda ədalətli qərar qəbul ediləcəyinə də arxayın deyil. Amma investor bilsə ki, 10 nəfərlə birləşib böyük təsərrüfat qursalar, geniş ərazidə məhsul becərsələr və kimsə cığallıq etsə, məhkəmə ədalətli qərar verəcək, buna gedər. XİX əsrdə Karl Marks yazırdı ki, Qərb kapitalizmi səhmdar cəmiyyətlərin birləşməsi ilə inkişaf etdi. Bir var, insan təkbaşına işləyə, bir də var, bir neçə nəfərin əməyi birləşdirilə. Birgəlik müsbət nəticələrə nail olmaq üçün daha uyğun variantdır. Amma ədalətli, hüquqa əsaslanan birləşmə olmalıdır. 
Ə.Həsənov qeyd etdi ki, Gədəbəy, Tovuz, Qazax, Şəmkir  və digər bölgələrdə kifayət qədər geniş əkin sahələri mövcuddur:
- Lakin, əkən yoxdur. Çünki fermerə lazımi dəstək göstərilməyib. Ona görə də yerli məhsul qıtlığı yaşanır. Bölgələrdəki əhali də əkib-becərib, həm özlərini lazımi səviyyədə maddi cəhətdən təmin etmək, əhalini də yerli, keyfiyyətli məhsullarla təmin etmək əvəzinə, paytaxta axışıb, tikintilərdə günəmuzd çalışırlar.