Yeni pandemiya qapıda!


Çində COVİD-dən də təhlükəli 18 virus aşkarlanıb

Koronavirusun mənbəyi hesab edilən Çinin Vuhan şəhərindəki canlı heyvan bazarında mütəxəssislər 71 virus aşkarlayıb. Onlardan 18-i “yüksək risk” kateqoriyasına aid edilir. Böyük Britaniya mediası bu xəbəri “naməlum xəstəlik – yeni pandemiya dalğası” başlığı ilə yayıb. 

“Şərq” “Milliyyet.com”a istinadən bildirir ki, yeni pandemiya dalğasının yayılacağı ehtimalı dünyanı ayağa qaldırıb.  2019-dan bu yana dünyaya səs salan və indiyədək dünyada 250 milyon insanın yoluxduğu, 5 milyondan artıq insanın vəfat etdiyi koronavirusun yayılma mənbəyi olaraq bilinən Vuhan şəhərinin canlı heyvan bazarından qorxulu xəbərlər gəlməkdədir. Koronavirus peyvəndlər sayəsində nisbətən nəzarət altına alınıb. 

Lakin yeni virus dalğası xəbərləri dünyanı lərzəyə gətirir. İngilis tədqiqatçı Edvard Holmes, Vuhan şəhərində dəniz məhsulları satılan bazarda 5 il əvvəl olub və o zaman çinlilər ona heyvanlardan insana yoluxan bir virus barədə danışıblar. İndi isə alimlər heyvan bazarından başqa, yeni bir virusun növbəti pandemiya dalğası yarada biləcəyini söyləyir.

 Heyvan bazarındakı canlılar üzərində aparılan tədqiqatların nəticəsi noyabrın 12-si açıqlanıb. Məlum olub ki, bazarda açıq satışdakı məməli heyvanlarda 71 virus aşkarlanıb, bu viruslardan 18-i çox təhlükəlidir. Elm adamları virusun misk pişiyi tərəfindən yayıla biləcəyinə diqqət çəkir. Misk pişiyində rast gəlinən mikroblar təhlükəli virusun yayılmasına səbəb ola bilər. Sidney Universitetinin bioloq-alimi Edvard Holmes canlı heyvan bazarının virusun mənbəyi ola biləcəyini belə izah edib: İnsanlar heyvanlara, heyvanlar insanlara virus “daşıyır”.

 Bu, ikitərəfli virus trafikidir. Daha təhlükəlisi budur ki, misk pişiyindən virus insanlara asanlıqla keçə bilər və bu da yeni, daha təhlükəli pandemiyanın yayılmasına səbəb olar. Yeni pandemiya dünyada 75 milyon insanı əhatə edə bilər. COVİD-19-un mənbəyi hələ də dəqiq təsbit edilməyibsə, ikinci virus dalğası bəşəriyyət üçün dağıdıcı olacaq. 

Çin hökuməti gözlənilən pandemiyaya indidən hazırlaşır. Ölkə boyunca karantin tədbirlərinin həddindən artıq sərtləşdirilməsi də qarşıdakı təhlükədən xəbər verir. Əyləncə mərkəzləri artıq bağlanır,  parklarda əylənənlərdən yenidən analiz alınır, hətta nəticələri neqativ çıxanlar da 2 gün evə qapadılır. Və təkrar analiz vermələri tələb olunur. Daxili səyahətlərə qadağa qoyulur. Şərqi Çinin Yiangxi əyalətində bir nəfərdə yoluxma aşkar edildikdən sonra magistral yollarda yalnız qırmızı işıqlar yandırıldı. Çinin Xəstəlikləri Nəzarət və Önləmə Mərkəzinin sabiq epidemioloqu Zeng Guang isə bildirib ki, hökumətin sərt tədbirlərə əl atması Çinin istehsal etdiyi peyvəndlərin zəif olmasıdır. Epidemioloq daha güclü peyvəndə ehtiyac olduğunu deyib.