6 yaşlı balamız ağır xəstədir


Həcər ilk növbədə Mehriban xanım Əliyevadan və xeyirxah xalqımızdan kömək umur

6 yaşlı Həcər ilk növbədə dövlətimizdən, Heydər Əliyev Fondunun prezidenti, birinci vitse-prezident Mehriban xanım Əliyevadan, həmçinin xeyirxah xalqımızdan kömək umur. Həcər balamız ağır xəstədir. Həcər Ceyhun qızı Musayeva 2015-ci il oktyabrın 2-si dünyaya gəlib. Anadan normal, sağlam körpə kimi doğulub. 

Fiziki və psixi inkişafında heç bir qüsur olmayıb. İnfeksion xəstəliklər keçirməyib. Ailədə Həcərdən başqa daha 2 azyaşlı uşaq var. Onlar  sağlam böyüyürlər. Həcərin səhhətində isə 3 ay əvvəl problemlər yaranıb. Zəiflik, halsızlıq, yüksək hərarət, daha çox bel nahiyəsində hiss edilən sümük ağrıları başlayıb. Valideynləri əvvəlcə sahə həkiminə müraciət edib. Uşağa ambulator müalicə təyin edilib. Lakin vəziyyəti yaxşılaşmayıb, əksinə, getdikcə ağırlaşıb.  Həcər 2021-ci ilin iyul ayında hemotoloq müayinəsinə aparılıb.

Ondan analiz üçün sümük iliyi alınıb. Analiz nəticəsində uşağa B hüceyrəli kəskin leykoz diaqnozu qoyulub. Sonra uşağın vəziyyəti daha da ağırlaşıb və o, Milli Hemotologiya və Transfuziologiya Mərkəzinə qəbul edilib.

 MHTM-də uşağa kəskin limfoblast leykemiya diaqnozu qoyulub. Lakin xəstəliyin müalicəsi üçün ailənin maddi imkanı yoxdur. Çarəsiz qalan valideynlər böyük ümidlə ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət edirlər. Mehriban xanımın humanistliyinə, uşaqlara daim qayğı göstərməsinə güvənərək Həcər balanın da müalicəsi üçün yardım göstərəcəyinə inanırlar. 

Həmçinin xeyirxah insanları da Həcərə kömək etməyə səsləyirlər. Müalicə üçün vəsaitin toplanacağı bank kartı rekvizitləri də təqdim olunur.