Taktiki dəyişikliklərə gedilməlidir:Azərbaycanın təcili yardım sistemi SSRİ dövründən qalıb


"Təcili yardımda çalışan elə həkimlər var ki, intubasiya prosesini bilmirlər. Bu, xəstənin nəfəs yolunu açmaq, xəstənin nəfəs almasını təmin etmək üsuludur. Bunu yalnız reanimasiya həkimləri bacarır. Türkiyə həkimlərinə desən ki, bizim təcili yardım həkimləri bunu bilmir, təəccüb edəcəklər"

“Təcili və təxirəsalınmaz xidmətlər bizim üçün vacib məsələlərdən biridir. Sentyabrda Türkiyə Səhiyyə Nazirliyindən bir qrup gəlib. Xüsusilə Türkiyə Səhiyyə Nazirliyi ilə “Turkish Council” çərçivəsində birlikdə çalışmaq üçün araşdırma apardıq. İstanbulda Ümumdünya Səhiyyə Təşkilatının təcili vəziyyətlərlə əlaqədar regional ofisi var. Oradan da nümayəndələr gəlmişdi. Sentyabr ayındakı missiya həm TƏBİB, həm də Səhiyyə Nazirliyi ilə birgə qərar qəbul edib. Qərara əsasən, təcili yardım xidmətinin təkmilləşdirilməsi ilə əlaqədar birgə çalışacağıq və iş planı hazırlayacağıq”. Bu barədə “Təcili yardım xidmətləri: Türkiyə təcrübəsi Azərbaycanda necə faydalı ola bilər?” mövzusunda keçirilən mini-simpoziumda Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib. O qeyd edib ki, bugünkü simpoziumda Türkiyədən gələn ekspertlər öz təcrübələrini bölüşəcəklər: “Bunu edərkən də bu təcrübədən Azərbaycanın necə faydalanacağına dair açıqlamalar verəcəklər. Təbii ki, bir ölkədə olan modeli tam olaraq başqa bir ölkədə tətbiq etmək mümkün deyil. Hər ölkənin öz şərtləri, infrastrukturu, insan gücü var. Ehtiyacları, coğrafi quruluşu fərqli ola bilər. Bu səbəbdən də Türkiyə təcrübəsi sadəcə bir model, misal kimi nümayiş etdirilə bilər. Türkiyədən gələn ekspertlər bu həftə müxtəlif yerlərə gedəcəklər. Artıq onlar Azərbaycan Tibb Universitetinin, eyni zamanda Kliniki Tibbi Mərkəzin təmir olunan Təcili Tibbi Yardım şöbələrinə, 103 - Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına, Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına gediblər.

TƏBİB və Səhiyyə Nazirliyi ilə aparılan görüşlərdə Sumqayıt Xəstəxanası bu işlərin başlaması üçün pilot olaraq seçilib, hazırda orada işlərə başlanılıb. Xüsusilə iş görüləcək yerlər xəstəxanadan əvvəlki təcili tibbi yardım və xəstəxana içərisindəki təcili tibbi yardım xidmətlərinin gücləndirilməsi ilə əlaqəli olacaq. Həmin yerlərdə yeni heyətin təsis edilməsi ilə əlaqədar işlər də var. Bu səbəbdən Azərbaycan Tibb Universiteti və tibb kollecləri ilə işləmək də çox vacibdir. Azərbaycan prioritet seçdiyi məsələlərdə infrastrukturu sürətli şəkildə gücləndirə, lazım olan avadanlıqları da operativ şəkildə təmin edə bilir. Bizim burda görməli olduğumuz iş yaradılan infrastrukturda insanların daha sürətli şəkildə işləməyinə kömək etməkdir. Ona görə həmin yerlərdə sistemin qurulması və orada çalışacaq insanların bilgilərinin artırılması ilə bağlı işləri daha da gücləndirəcəyik”.

Təcili Tibbi Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında təcili yardım sahəsində təkmilləşməyə ehtiyac duyulan sahələrdən danışdı: 

- İlk növbədə təcili tibbi yardım stansiyaları, təcili yardım maşınları müasir tibbi avadanlıqlarla təchiz edilməlidir. Bu sahədə bəzi problemlərimiz var. Məsələn, Türkiyə ACİL-ləri ilə müqayisədə bizdə texniki məsələlərdə çatışmazlıq görünür. İkinci məsələ isə təcili yardım xidmətində taktiki dəyişikliklərə gedilməsinin vacibliyidir. Təcili yardımda çalışan elə həkimlər var ki, intubasiya prosesini bilmirlər. Bu, xəstənin nəfəs yolunu açmaq, xəstənin nəfəs almasını təmin etmək üsuludur. Bunu yalnız reanimasiya həkimləri bacarır. Türkiyə həkimlərinə desən ki, bizim təcili yardım həkimləri bunu bilmir, təəccüb edəcəklər. Yaxud da artıq nəfəsi kəsilmək üzrə olan, ya da qəza keçirmiş adamın nəfəs almasını təmin etmək üçün boğazda xüsusi alətlə dəlik açılması prosesi var. Bunlar riskli əməliyyatlar sayılır və hər həkim də buna cürət etmir. Lakin məsələ insan həyatının xilasıdırsa, həkim hər cür riskləri gözə almalıdır. Ürəyin fəaliyyəti dayandıqda elektroşokdan istifadə edirlər. Amma digər riskli proseslərə getmirlər. Azərbaycanda təcili yardım SSRİ, Rusiya təcrübəsindən istifadə edir. Halbuki dünyada artıq Avropa səhiyyə təcrübəsi mövcuddur. Türkiyə təcili yardımı da Avropa təcrübəsinə əsaslanır. Yaxşı olar ki, bizdə də təcili yardım köhnə sovet modelindən xilas olsun. Taktiki dəyişikliklərə gedilsin.