Bircə mesaj, görüntü bəzən bəs edir


Koronavirus xəstələri bəzən bir kəlmə sözdən belə sağalmağa başlayır

Reanimasiyada yatan xəstələrə ailələri ilə əlaqə saxlamağa şərait yaradılır

Ankara Yıldırım Bəyazid Universiteti reanimasiyada yatan xəstələrin əhval-ruhiyyəsinin yüksəldilməsinə yönəlik layihənin icrasına başlayıb. 

“Ahabertürk”ün məlumatına görə, layihə reanimasiyada yatan COVİD xəstələri üçün ailə üzvləri, doğmaları ilə məsafədən bağlantı yaratmaqdır. 

Oksigen aparatına bağlı yataq xəstələrinə tibb bacıları, həkimlər planşet, smartfon təqdim edir və yaxınları ilə ünsiyyət qurmaq, söhbət etmək, görüntülü danışmaq imkanı yaradırlar. 

Beləliklə də xəstəni və yaxınlarını nigaranlıqdan azad edirlər. Xəstə əzizlərini, əzizləri də onu da görür. Layihə haqqında “ahabertürk”ə danışan Ankara Yıldırım Bəyazid Universitetinin müəllimi Esma Kabasakal bildirir ki, reanimasiya şöbələri xəstənin təcrid olunduğu, bəzən hətta barmağının belə tərpədə bilmədiyi qədər pərişan halda olduğu yerdir. 

Eyni zamanda çox zaman da həyata vida edilən məkandır.

 Burada olanlar bəzən doğmalarına, yaxınlarına son sözlərini söyləmək imkanından məhrum olur. Doğmalarını, sevdiklərini, ailə üzvlərini son dəfə dünya gözü ilə görmədən həyatla vidalaşır. Xüsusilə də koronavirus pandemiyası dövründə reanimasiya şöbələrinin ağırlığı bir də on  qat artdı. 

“Adi” xəstəliklər, keçirilən əməliyyatlar sonrası ailə üzvləri xəstənin palataya köçürülməsini səbirsizliklə gözləyir ki, doğması ilə qısa da olsa görüşə bilsin. 

Koronavirus zamanı isə məhz real yoluxma təhlükəsi ilə hətta ən kiçik təmasa da izn verilmir. Reanimasiyada yatan COVİD xəstələri də bu səbəbdən doğmaları ilə, ailə üzvləri ilə nə danışa bilir, nə də üzlərini görə bilirlər. Nəticədə içəridə yatan da kədərli, çöldə onun həyatına görə narahatlıq keçirən də. 

Ən pisi də budur ki, intizar çəkən hər iki tərəfdir. Və bir-birinin narahat olduğunu da bilirlər. Bu isə xəstənin əhval-ruhiyyəsinə mənfi təsir edir, nəticə etibarilə sağalma müddətini ləngidir. Layihə “Reanimasiya xəstələrinı yönəlik ailə qarşılıqlı təsir layihəsi” adlanır. Ə.Kabasakal bu layihəni çox lazımlı və uğurlu hesab edir: 

“Reanimasiya şöbələrində yatan xəstələrin vəziyyəti anidən dəyişə bilir. Sağalmağa doğru da, vəfata yönəlik də. İnsanlar bəzən ölümdən sadəcə, bir addım uzaqda dayanır. Belə vəziyyətdə xəstəyə mənəvi dəstək olmaq olduqca vacibdir. Bunu xəstənin doğmalarından, yaxınlarından ən yaxşı kim edə bilər? Məsələ, təkcə xəstəyə mənəvi dəstək vermək də deyil, eyni zamanda xəstə yaxınlarını da intizardan xilas etməkdir. Bir xəstəyə ailəsindən gələn mesaj, bir paylaşım, bir foto bilsəniz nə qədər müsbət təsir edir.

 Xəstə var ki, övladının bir kəlmə sözüylə canlanır, həyata bağlanır, sağalmağa başlayır. Biz bu layihəni məhz ağır vəziyyətdə olan, ölümlə həyat arasında çırpınan insanlar üçün icra etməyi vacib bildik”.

 Layihəni icra edən tibb işçiləri xəstənin yaxınlarından alınan mesajları oxuyur və ya xəstənin özünə oxutdurur. Ailə üzvləri tərəfindən çəkilib göndərilən videoları izlədirlər. Bu layihə 50 nəfərlik qruplarda təcrübədən keçirilib. Nəticələr inanılmaz dərəcədə müsbət olub.  Ağır vəziyyətdə olan xəstələrdə müsbət dəyişikliklər qeydə alınıb, orqanizmin gücləndiyi müşahidə edilib.

Layihə ilə bağlı Türkiyə Səhiyyə Nazirliyinin razılığı alınıb, yaxın zamanda ölkə üzrə tətbiqinin reallaşdırılması mümkün görünür.