Qızdırmanı salmayacaq

Antibiotiklər orqanizmə əlavə yükdür

Mərdan Əliyev: "Lap başdan TƏBİB-in koronavirusun müalicəsində açıqladığı protokolda antibiotik dərmanlar olmayıb"

“Viruslara qarşı antibiotiklərin hər hansı təsiri yoxdur”. Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, bütün dünyada COVID-19-a yoluxan insanların 75 faizindən çoxu antibiotiklərdən istifadə edir: “Bu, çox yanlışdır. Koronavirusa təsir etmədiyi kimi dərmanın bu şəkildə istifadəsi gələcəkdə bu antibiotiklərə qarşı davamlılığın itməsinə səbəb olur.

Buna görə həkim tərəfindən resept yazılmadan insanların özbaşına antibiotik qəbul etməsi doğru deyil”. Ümumiyyətlə, istər koronavirus olsun, istərsə də bundan öncəki qripə yoluxmalar, soyuqdəymə halları zamanı bir çoxlarının evdə müalicəyə üstünlük verdiyi, tanış həkimlərlə əlaqə yaradıb müalicə üçün hansı dərmanlardan istifadəyə dair məsləhət aldıqları, ya da “dədə-baba” qaydası ilə müalicə olunduğu məlumdur. Son illərin ən “populyar” dərman preparatı isə antibiotiklər hesab edilir. Hətta həkimlər antibiotiklərdən uzaq durmağı tövsiyə etsələr də insanlar “antibiotiksiz sağalmaq olmur” deyib bu dərmanları qəbul etməyə həvəslənirlər. Koronavirus zamanı da biz bunu müşahidə edirik. Bədənin hərarəti qalxan kimi insanlar təşvişə düşür. Antibiotik dərmanlar qəbul etməyə başlayır. Yaxud da “sistem” qoşdururlar. Medicina.az-a danışan anestezioloq-reanimatoloq Şahin Məmmədov bildirib ki, koronavirus xəstələri bəzən səhv müalicə edilir. Antibiotiklər bu xəstəliyi sağalda bilməz: "Sanki psixoloji inam var ki, antibiotik nə qədər bahalıdırsa, o qədər də kömək edəcək. Bu, kobud səhvdir. Biləsiniz ki, qoşduğunuz o təzə antibiotik qızdırmanı salmayacaq. Görəcəksiz ki, qızdırma yenə qalxır. Onda başa düşəcəksiniz ki, Şahin doktor düz deyirmiş, boş yerə pulumuz getdi. Çünki qızdırmanı verən bakteriya deyil, bir virusdur, antibiotik ona təsir edə bilməz. Boş yerə xəstə həmin antibiotikin əlavə mənfi təsirlərinə məruz qalır. Bu mənfi təsirlər ciddidir”.

Həkim-infeksionist Mərdan Əliyev “Şərq”ə açıqlamasında bildirdi ki, ÜST nümayəndəsinin söylədikləri ilə razıdır:

- İradlar tamamilə doğrudur. Həmişə bildiririk ki, antibiotiklərdən reseptsiz istifadə yolverilməzdir. Antibiotiklər, əksinə, xəstənin vəziyyətini ağırlaşdırır. Antibiotiklər orqanizmə əlavə yükdür. Lap başdan TƏBİB-in koronavirusun müalicəsində açıqladığı protokolda antibiotik dərmanlar olmayıb. Yoxdur. Təəssüf ki, insanlarımız bu reallığı qəbul edə bilmir. Elə bilirlər ki, antibiotiklərdən istifadə edilməsə, sağalmayacaqlar. Bu, tamamilə yanlış düşüncədir və səhvdir. İnsanın həyatını itirməsinə səbəb ola bilər. Antibiotiklərdən o zaman istifadə edilə bilər ki, xəstəlik ağır gedişli və 2-cili infeksiya olsun. Amma bunu analizlərin, müayinələrin nəticələrinə uyğun həkim təyin etməlidir. Qardaş Türkiyədə, eləcə də Avropa ölkələrində antibiotikləri yalnız infeksionistlər təyin edir. Bizdə isə bütün terapevtlər antibiotik  təyin edir. Bu, yanlışdır.