İçindən at tükü də çıxdı

Zəfəran alanda saxtadır, yoxsa əslidir, yoxlamaq lazımdır

“Bu qədər də olmaz!” dedirdən oyun  zəfəranın “başına açılır”. Dünyanın ən bahalı ədviyyatı sayılan zəfəran çəkidə yüngül, qiymətdə ağır qızıla bərabərdır. Bu səbəbdən də fırıldaqçılar, müştərini aldatmaq yoluyla böyük gəlir əldə etmək istəyən möhtəkirlər satışa saxta zəfəran çıxarırlar. Bu barədə "CNN Türk" xəbər verir. Xəbər saytının yazdığına görə, zəfəran əvəzinə gah qida boyasıyla rənglənmiş qarğıdalı saçağı, gah Hindistan cevizinin iplik təbəqəsini, gah da at tükünü alıcıya təklif edirlər. Təbii ki, alıcı ona əslində nə təklif edildiyindən xəbərsizdi. Türkiyənin Qida Mühəndisləri Odası Antalya Şöbəsi başqanı Ali Manavoğlu bildirib ki, saxta zəfəranı əslindən ayırmaq ilk baxışda çətindir. 

Alıcılar nəzərə alsın ki, əsl zəfəranın rəngi daha tünd qırmızı olur və ən əsası əsl zəfəranın rəngi əlin dərisinə çıxmaz. Zəfəran alanda ovcunuzda saxlayın, barmaqlarınızla zəfəran saçaqlarını ovuşdurun. Süni və saxtadırsa, rəng əlinizə çıxacaq. Əsl zəfəranınsa rəngi asanlıqla çıxmaz. A.Manavoğlu qeyd edir ki, zəfəran bahalı olduğu qədər becərilməsi də böyük zəhmət tələb edir. 

1 kiloqram zəfəran əldə etmək üçün təxminən 150 min çiçək əllə toplanır. Zəfəranın qramı Türkiyədə 200 TL-yə satılır. Azərbaycanda xalis zəfəran neçəyədir, dəqiq məlumat yoxdur. Kiloqramı 300-1000 manat arasında dəyişir. Keyfiyyətə görə. Amma zəfəran alanda saxtadır, yoxsa əslidir, əvvəlcə yoxlamaq gərəkdir.