"Omicron" variantı elə də təhlükəli  deyil


İndi bir nömrəli vəzifə insanların psixoloji durumunu qorumaqdır

"Sağ olsunlar ki, operativ hərəkət edərək yeni variantı qısa zamanda aşkarlayıblar. Yeni variantın xüsusiyyətləri yoluxma sürətinin yüksək, amma xəstəliyin yüngül keçirilməsidir"

Ümumdünya Səhiyyə Təşkilatı dünyaya elan etdi: Koronavirusun Omicron variantı qlobal risk ehtimalı çox yüksəkdir!  

ÜST Omicron variantı ilə bağlı dünyanın 194 ölkəsinə texniki məlumatlandırma göndərib. Böyük Britaniya hökuməti isə “G7” ölkələri səhiyyə nazirlərinin iştirakı ilə toplantı keçirilməsinə çağırış edib. "CNN İnternational" hazırda Afrikanın bir çox ölkəsinə aviareysləri təxirə salan ölkələrin sayının 44 olduğunu, yeni variantın yayılması ilə səyahət qadağalarının təkrar aktuallaşacağını bildirib. 

ÜST açıqlamasında yeni variantın xüsusiyyətindən asılı olaraq irəlidə yoluxma saylarının arta biləcəyinə, bunun da ciddi nəticələrə səbəb olacağına diqqət çəkir. Peyvəndləmənin sürətinin artırılmasını vacib sayır. Avropa Yoluxucu Xəstəlikləri Önləmə və Nəzarət Mərkəzi də yeni variantın Avropa Birliyi ölkələri daxilində yayılma riskinin “yüksək və çox yüksək” arasında olduğunu açıqlayıb. Rəsmilərsə səyahət qadağaları və sərhədlərin bağlanmasının yanlış qərar olduğunu deyir, ölkələri bu məsələdə təhlükəyə qarşı önləm almağa çağırırlar. B.Britaniya, Niderland, Kanada, Danimarka, Belçika, Çexiya və İtaliyada Omicron variantına yoluxma halları aşkarlanıb. 

ABŞ da bu gündən etibarən Güney Afrika ölkələrinə səyahətləri məhdudlaşdırır. Yeni variantla bağlı ABŞ Prezidenti Co Baydenin açıqlama verəcəyi gözlənilir. İsrail dövləti isə digər ölkələrdən daha tez sərhədlərini bağlayıb. Yaponiya da sərhədləri bağlayan ölkələr sırasına qoşulub artıq. Yaponiya hökuməti əcnəbi vətəndaşların ölkəyə gəlişini məhdudlaşdırır. Bu məhdudiyyət ölkədə yaşamaq izni olanlara aid deyil. Alman viroloq Christian Drostenin açıqlaması da narahatlıq yaradır. Viroloq Almaniyanın ZDF televiziyasına açıqlamasında koronavirusun yeni variantı haqqında “təhlükəli vəziyyətdir. Kimsə hazırda nəylə qarşı-qarşıya olduğumuzu söyləyə bilməz”, deyib. 

Pediatr Vaqif Qarayev sosial şəbəkə üzərindən vətəndaşlara müraciət edib. Həkim qeyd edir ki, Omicron ştamının daha yoluxucu olduğu ehtimal edilir. Əhali arasında həyəcan varsa, səhiyyə qurumları açıqlama verməlidir: 

- Yeni ajiotaj başlayıb. Bu ştamm daha yoluxdurucu, daha öldürücü olması, hazırkı vaksinlərin Omicrona qarşı təsirsiz olması hələlik ehtimal edilir. Afrikada bir neçə nəfər yoluxub, ölüm də yoxdur, vaksin də istifadə olunmayıb, amma bütün planet çalxalanır. Epidemiyalarda səhiyyə qurumlarının iki əsas vəzifəsindən biri, bəlkə də birincisi insanların psixoloji durumunu qorumaqdır! Açıq deyək, etmir bunu beynəlxalq qurumlar, xəbərdarlıq belə olmur. Nə olur-olsun, yenə qorunma qaydalarına əməl etməliyik. Peyvənd vurdurmaqdan çəkinməyin!

İnfeksionist həkim Mərdan Əliyev isə “Şərq”ə açıqlamasında koronavirusun Omicron variantı haqqında bəzi bilgilərin artıq əldə edildiyini dedi:

- Məlumat bundan ibarətdir ki, Omicron variantı Cənubi Afrikada tapılıb. Sağ olsunlar ki, operativ hərəkət edərək yeni variantı qısa zamanda aşkarlayıblar. Yeni variantın xüsusiyyətləri yoluxma sürətinin yüksək, amma xəstəliyin yüngül keçirilməsidir. İnkubasiya dövrü də qısadır – 11 gündür. Kliniki göstərişləri ağır olmayıb.  Yeni varianta yoluxanlar xəstəliyi ağır keçirməyib. Həmçinin, peyvənd olunmayan şəxslərin bu yeni varianta yoluxduğu aşkarlanıb. Amma biz deyə bilmərik ki, koronavirusa qarşı hazırkı peyvəndlər yeni variant üçün nə dərəcədə təsirlidir. Çünki Afrikada, bildiyimiz qədər peyvənd olunanların sayı azlıq təşkil edir. Delta variantının yoluxma sürəti yüksək idi. Delta ştammına yoluxma əvvəlkinə nisbətən daha çox oldu. Uşaqlara da yoluxdu.  Uşaqlar arasında COVİD-19-a yoluxma faktları yox idi, amma Delta ştammında uşaqlar arasında da yoluxma baş verdi. İlkin məlumatlara baxıldığında Omicronun sürətlə yayıldığı görünür. Amma bu bir tərəfdən müsbət tendensiyadır. Çünki yoluxma nə qədər sürətli olursa, kütləvi immunitet də bir o qədər sürətlə formalaşır.  Hesab edirəm ki, sürətli yoluxuculuq xüsusiyyətinə görə, Omicron dominant şəklə düşəcək və kütləvi immunitet yaradacaq. 

M.Əliyev bildirdi ki, bir sıra ölkələrin səyahətlərə qadağa qoyması, sərhədlərini bağlamasının səbəbi qabaqlayıcı tədbir həyata keçirməklə bağlıdır: 

- Yeni variantın necə, hansı formada davam edəcəyi hələ bilinmir. Ona görə də dövlətlər qabaqlayıcı tədbir görür. Özlərini sığortalayır, qoruyurlar. Belə görünür ki, virus şəklini dəyişməkdə davam edəcək. Yeni-yeni ştamlar ortaya çıxacaq. Bəzisi yüngül, bəzisi ağır olacaq. Bütün hallarda qabaqlayıcı tədbir görməkdə fayda var.