Lazer üzünü yandırdı 

Kosmetoloqa həbs cəzası tələb olunur

Xanımlar son illərdə lazer epilyasiya ilə yamanca  “dostlaşıb”. Diqqət edin, lazer üz dərisini yandırıb bərbad hala sala da bilər. Antalyada yaşayan 43 yaşlı Aslı İlhanın başına (daha doğrusu üzünə) belə bir hadisə gəlib. Aslı 1 il əvvəl lazer epilyasiyası üçün gözəllik salonlarından birinə gedib. Amma əməliyyat uğursuz  olub və Aslının üz dərisində 2-ci dərəcəli yanıqlar əmələ gəlməsinə səbəb olub. Üz dərisi yanan A.İlhan gözəllik salonu və kosmetoloqdan şikayətçi olaraq  məhkəməyə müraciət edib. Məhkəmə gözəllik salonunun sahibi A.A-nın 3 min 360 TL məbləğində cərimələyib. A.İlhan isə kosmetoloqun həbs cəzası almasını istəyib və məhkəmənin qərarına etiraz edib.

A.İlhan “üzümün yanması, 1 ildir çəkdiyim acılar, ağrıların müqabilində 3 min TL  nədir ki?!” deyərək məhkəmənin qərarından şikayət edəcəyini söyləyib. Aslının üzünün yanmasının həm də ilginc hekayəsi var. Qadın gözəllik salonunun reklamını sosial mediada görüb. Üz dərisinin dartılması üçün ora müraciət edib. İkinci seans zamanı kosmetoloq mobil telefonla sevgilisiylə danışırmış, sonra mübahisə etməyə başlayıblar, lazer aparatı yaddan çıxıb, Aslı üzündə istiliyin getdikcə artdığını hiss edib. Kosmetoloq bir də ayılıb ki, qadının üzü yanıb.

 A.İlhan daha sonra yanıqların müalicəsi üçün başqa bir gözəllik mərkəzinə müraciət edib. Amma bu dəfə də üz dərisini müalicə etməyiblər, əksinə, daha da betər hala salıblar. 

A.İlhan hər iki gözəllik mərkəzindən ödədiyi pulları geri almaq istədikdə onu təhdid etməyə başlayıblar. Buna görə də o, məhkəməyə müraciət edib. Lakin məhkəmənin məlum qərarı ilə razı deyil: “Üzümün dərisi yanıb. Xeyli xərcə düşmüşəm. Üstəlik hələ də psixoloji sıxıntılar yaşayıram. Bunların əvəzi yalnız təzminat ödənməsi olmamalıdır. Həbs cəzası da tələb edirəm”.