Virus bizi tanıyır, biz də virusu

“Omicron” ştamına yoluxmada ölüm faizinin artması gözlənilmir

"Ona görə də bu yeni ştam əvvəlkilərdən daha güclü olmayacaq, ömrü də uzun olmayacaq. Qorunma üsulları eynidir. İnsanlar özlərini qorumalı, kütləvi yerlərə, məclislərə getməkdən bacardıqca uzaq durmalıdırlar"

“İlkin məlumatlara görə, “Omicron” ştamı COVID-19 infeksiyasına yüksək təkrar yoluxma riskinə malikdir, yəni xəstəliyi artıq keçirmiş şəxslərin bu ştama yoluxma riski virusun digər variantlarına yoluxma riskindən daha çoxdur”. 
Bu, Ümumdünya Səhiyyə Təşkilatının məlumatıdır. Məlumatda daha sonra qeyd edilir ki, Cənubi Afrikada xəstəxanaya yerləşdirmə halları artmaqdadır, lakin bu, məhz “Omicron” ştamına yoluxanların deyil, virusun bütün ştamlarına yoluxanların sayının çoxluğu ilə əlaqədar ola bilər. 

Hazırda “Omicron” ştamı ilə əlaqəli simptomların digər variantların simptomlarından fərqlənməsini iddia etməyə əsas verən heç bir məlumat yoxdur. Yoluxma haqqında ilk məlumatlar xəstəliyi daha yüngül keçirən gənclər arasında aparılmış universitet araşdırması zamanı əldə olunub, lakin “Omicron” variantının ağırlıq səviyyəsini tam anlamaq üçün bir neçə gündən bir neçə həftəyədək vaxt tələb oluna bilər. “COVID-19-un hazırda dünyada geniş yayılmış “Delta” ştamı da daxil olmaqla bütün variantları, xüsusən də daha həssas insanlarda ağır xəstəliklərə və ya ölümə səbəb ola bilər. Bu səbəbdən, profilaktikaya xüsusi diqqət yetirilməlidir”. ÜST bildirir ki,  peyvəndləmə hələ də xəstəliyə ağır yoluxma və ölüm hallarının azaldılması baxımından həlledici əhəmiyyətə malikdir: “Mövcud vaksinlər ağır yoluxma və ölüm hallarına qarşı effektiv olaraq qalmaqdadır. COVID-19 virusunun yayılmasını azaltmaq üçün görüləcək ən effektiv tədbirlərə 1 metrdən az olmayaraq məsafə saxlamaq, üzə sıx yapışan tibbi maska taxmaq, məkanda havalandırmanı yaxşılaşdırmaq üçün pəncərələri açmaq, pis havalandırılan və ya insanların çox olduğu məkanlara getməmək, əlləri təmiz saxlamaq, öskürərkən və ya asqırarkən ağzı qol bükümü və ya parça ilə tutmaq, vaxtlı-vaxtında peyvənd olunmaq daxildir”. 

Koronavirusun yeni variantlarına qarşı mübarizədə ənənəvi metodlardan istifadə edilir. Bunu isə  Trend-ə açıqlamasında həkim-infeksionist Vasif Əliyev deyib. Onun sözlərinə görə, yeni yaranan "Omicron" variantının öldürücülük qabiliyyətinin digərlərindən yüksək olub-olmadığı ilə bağlı hələlik məlumat yoxdur. Ümumdünya Səhiyyə Təşkilatının "Omicron" adı koronavirusun yeni variantı (B.1.1.529) ilk dəfə Cənubi Afrika Respublikasında yoluxma sayının artmasından şübhələnilərək aparılan araşdırmalar nəticəsində öz təsdiqini tapıb. 

Ancaq xəstəlikdən ölüm hallarının artması sadəcə virusun mutasiyasının çoxluğu ilə deyil, eyni zamanda yoluxma hallarının sayının artması ilə də əlaqələndirilə bilər. Bu baxımdan bu mutasiyanın əvvəlkilərdən daha yoluxucu və ya daha öldürücü olub-olmadığı hələlik bilinmir. Bu istiqamətdə tədqiqatlar davam etdirilir. Xəstəliyin müalicə və diaqnostikası əvvəlki metodlarla davam etdirilir. Yəni heç bir dəyişiklik yoxdur. 

Virusdan qorunma yolları da eynilə qalır. Fərdi gigiyena qaydalarına əməl etməklə yanaşı, maska taxılması, ictimai yerlərdə sosial məsafənin gözlənilməsi, həmçinin vaksinasiyadır. Hələ ki, virus yenidir. Əlavə məlumat olarsa, ÜST-dən bildiriləcək və biz də bunu ictimaiyyətə açıqlayacağıq". Qeyd edilir ki, ÜST-nin açıqlamalarına görə, bu variant bəziləri üçün narahatlıq doğuran çox sayda mutasiyaya malikdir. İlkin tapıntılar yeni mutasiyanın daha yüksək yoluxma riski daşıdığı yönündədir. Cənubi Afrika Təbiblər İttifaqının sədri Angeliku Kutzi isə açıqlamasında qeyd edib ki, yeni variantın simptomları əvvəlkilərdən çox fərqli və yüngüldür. Və xəstələrin əksəriyyəti vaksinasiya olunmayan şəxslərdir. Onun sözlərinə görə, Vuhan və Delta variantlarından fərqli olaraq buna yoluxanların heç biri dad və iybilmə hissiyatını itirmir, bir-iki günlük əzələ ağrısı və yorğunluqla müşahidə olunan yüngül bir xəstəlik kimi başlayır. Artıq "BioNTech" və "Moderna" şirkətləri mövcud vaksinlərin yeni varianta qarşı təsirlərini öyrənmək üçün araşdırmalara başlayıblar. Həmçinin, ayrıca olaraq "Moderna" "Omicron"a qarşı xüsusi buster doza üzərində çalışmalara başlanılacağını açıqlayıb. Yeni varianta təkcə Cənubi Afrikada deyil, Belçika, İngiltərə, Almaniya və Çexiya kimi Avropa ölkələrində də rast gəlinib. 

Pulmonoloq Eldar Zeynalov “Şərq”ə açıqlamasında qeyd etdi ki, "Omicron" variantı ilə bağlı böyük təhlükə gözlənilmir: - Hesab edirəm ki, həyəcanlanmağa ehtiyac yoxdur. İstər "Delta" ştamı olsun, istər "Omicron", ya başqası, bunlar eyni virusun – COVİD-19-un mutasiyaya uğramış variantlarıdır. Heç bir variant əvvəlkindən güclü olmur. Yalnız xəstəliyin gedişatında fərqliliklər yarana bilir. 

Məsələn, COVİD-19-a ilkin  yoluxma mərhələlərində qoxubilmənin itməsi yox idi, bu, ikinci “dalğa”da özünü göstərdi. Ondan sonrakı “dalğa”da daha çox burun axması müşahidə edildi. Məsələn, COVİD-19-a uşaqlar arasında yoluxma yox idi. Amma “Delta” ştamına uşaqlar da yoluxdu. Bu şəkildə fərqliliklər ola bilir. "Omicron" ştamına yoluxmada böyük yüksəliş, ölüm faizinin artması gözlənilmir. Çünki insanlarda artıq müəyyən qədər immunitet formalaşıb, necə deyərlər, virus bizi tanıyır, biz də virusu. Peyvəndləmə kampaniyası da müsbət təsirini göstərir. Ona görə də bu yeni ştam əvvəlkilərdən daha güclü olmayacaq, ömrü də uzun olmayacaq.  Qorunma üsulları eynidir.  İnsanlar özlərini qorumalı, kütləvi yerlərə, məclislərə getməkdən bacardıqca uzaq durmalıdırlar. Ən əsası isə stresə ehtiyac yoxdur. Stres, həyəcan orqanizmin gücünü zəiflədir, yoluxma ehtimalı da artır. "Omicron" variantını sakit, panikasız qarşılamalıyıq. 
E.Zeynalov yeni ştama qarşı vaksin məsələsinə də toxundu:
- Ümumiyyətlə, respirator viruslara qarşı daimi vaksin olmur. Çox güman ki, yeni ştamlar yarandıqca, onlara qarşı yeni vaksinlər də tələb olunacaq. Çünki əvvəlki vaksinlər yeni ştama qarşı təsirsiz ola bilər.