7 qida əladır: Mədə “yanması”nı anında bitirir



Mədədə yanma hissi nədən baş verir? Açığı, belə diskomfort yaşayan insanlar az deyil. “Şərq” “Milliyet.com”da yer alan mütəxəssis rəyini təqdim edir. Mədə yanması, mədədə turşuluğun artması mədə və qida borusundakı qastrointestinal (mədə-bağırsaq) xəstəliklərdən, ya da qidalanmada yol verilən yanlışlıqlardan qaynaqlanır.  Həzm prosesində yaranan problemlər mədədə yanma hissini artıra bilir. Bunun qarşısı necə alına bilər, sualına dietoloq Tuğba Yaprak cavab verib. Dietoloq qeyd edib ki, mədə yanmasının səbəbləri yanlış qidalanma, normadan artıq qida qəbulu, qidalanmadan dərhal sonra yatmaq (yemək qəbulundan ən azı 3 saat sonra yatmaq məsləhətdir), ac qarına siqaret çəkmək, alkoqollu içkilərin qəbulu, rejimsiz yuxu və stresdir.  Həmçinin, yağlı yeməklər, çox isti qidalar, şokolad, tərkibində yüksək kafein olan içkilər və qidalar, məsələn, qara çay, qəhvə, kəskin dadlı, acı ədviyyatlar, karbonatlı içkilər, pomidor, turunckimilər, soğan, sarımsaq kimi qidaların miqdardan artıq qəbulu. Bəs mədə yanmasının qarşısını necə almaq olar? 

Qısaca desək, mədə yanmasına səbəb olan amilləri aradan qaldırmaqla. Yəni insan sağlam həyat tərzi keçirməlidir. Amma müasir zamanda, stres, həyəcan, min cür xəstəlik və problemlər arasında bunu etmək, əlbəttə, çox çətindir. 

Lakin mümkünsüz deyil. Yenə də dietoloq məsləhətlərini əsirgəməyib. Və mədə yanmasını azaldan, qarşısını ala bilən 7 qidanı “nişan” verib.

 Dietoloq məsləhət görür ki, qidalanma az miqdarda, lakin qısa fasilələrlə olmalıdır. Hansı qidanın qəbulundan sonra mədədə daha çox yanma hissi yaranır, buna də diqqət edilməlidir. 

Sağlam qidalanma üçün lifli məhsullar və probiotik ərzaqlar seçilməlidir.  Yanma hissini azaltmaq üçün zəncəfil (həzm prosesinə kömək edir, mədə  şişkinliyini və mədə bulanmasına qarşı yardım edir), karbonatlı su qarışığı (karbonatlı su bədənin pH müvazinətini qoruyur, mədə yanmasının qarşısını alır), bir stəkan soyuq süd, biyan kökü (mədədəki narahatlığı zəiflədən bitkidir), alma (almanın tərkibində liflər yüksək olduğundan həzm prosesinə kömək edir, nəticədə mədə rahatsızlığının qarşısı alınır), gün ərzində 10-15 ədəd badam (badam da yüksək lif faizinə malikdir) və bal. 

Təbii bal həzm prosesini qaydaya salmaq üçün ən üstün qidadır. Gün ərzində 1 çay qaşığı təbii bal udmaq və ya çaya, ilıq suya salıb qarışdırıb içmək mədə yanmasının qarşısını alacaq, həzm prosesini yüngülləşdirəcək.