Uğur Şahin həyəcanı azaltdı


Professor bəşəriyyəti rahatladan açıqlama verib

COVİD-19-a qarşı peyvənd istehsal edən “Moderna” şirkətinin direktoru Stefan Bancel İngiltərənin “Financial Times” jurnalına açıqlamasında hazırda istifadədə olan peyvəndlərin koronavirusun yeni variant “Omicron”a qarşı təsirsiz olduğunu bildirib:

 “Bu peyvəndlərdən  “Delta” ştamında gördüyümüz təsiri gözləməyə dəyməz. Yox belə bir dünya!”.  “Şərq” “Milliyet.com”a istinadən qeyd edir ki, BioNTech şirkətinin qurucularından türk professor Uğur Şahin  “Moderna” sahibinin  açıqlamasının yaratdığı həyəcanı azaldıb. 

U.Şahin bəşəriyyəti rahatladan açıqlama verib. Professor Almaniyanın Maynz şəhərində keçirilən 25-ci Aydın Doğan Vəqfi Ödül Törənindən əvvəl sualları cavablandırıb: 

“Omicron" variantı ilə bağlı qorxmağa, həyəcanlanmağa, panikaya düşməyə dəyməz. Variantın çox fərqli mutasiyaları olduğunu bilirik. Peyvəndlər bu varianta daha az təsir edəcək, amma xəstəliyin ağır gedişatından qoruyacaq. Peyvəndlər xəstəliyin ağırlaşmasına qarşı immunitet əmələ gətirir. Üçüncü doza peyvənd vurduqdan sonra orqanizm yüksək qoruma gücünə malik olacaq”.     

Xatırladaq ki, S.Bancel hazırda istifadədə olan COVİD vaksinlərinin “Omicron” variantına qarşı nə dərəcədə təsirli ola biləcəyini təxmin etməyin çətinliyindən danışmışdı.

 “Moderna” sahibi bildirmişdi ki, yeni variantla bağlı müayinə cavablarının gəlməsini gözləyirlər. Lakin elm adamları vəziyyətin heç də yaxşı olmadığı fikrindədir. S.Bancel hesab edir ki, virus mutasiyaya uğradıqca vaksinlərin tərkibinə də dəyişiklik edilməlidir. Lakin bu proses aylarca sürə bilər. Qeyd edək ki, “Moderna” sahibinin məhz bu açıqlamasından sonra  Avropa birjalarında eniş qeydə alınıb. ÜST də koronavirusun yeni variantı barədə “qlobal təhlükə çox böyükdür” açıqlamasını vermişdi.