İcbari tibbi sığorta və ya “ölü doğulan” sistem... – Nöqsan çox, iş görən yox! 


Adil Qeybulla:“Kim daha çox xəstəyə baxsa, o daha çox maaş alacaq fikri, əhali arasında konkret xidmətlərin yaranmaması, əhalinin sığorta polisi deyilən vəsiqə ilə təmin edilməməsi və.s buraxılmış boşluqlardır”

“Hamımız bu nöqsanlardan danışmalıyıq ki, bu vəziyyəti tezliklə qaydaya sala bilək”

Bəzi aparıcı ölkələrdə olduğu kimi Azərbaycanda da İcbari tibbi sığorta tətbiq olunur. 
İcbari tibbi sığorta (İTS) dünya səhiyyəsində geniş yayılmış həmrəyliyə əsaslanan sosial layihədir və əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistemdir.Məlumat üçün bildirək ki, Azərbaycanda ilk olaraq Mingəçevirdə fəaliyyətə başlayan pilot layihə, 1 yanvar 2020-ci ildən bütün ölkə boyu tətbiq olunur. Lakin bu mexanizmin işləməsində sanki bir ləngimə müşahidə olunur. 

Bu sahədəki boşluqlar və suallar  barədə tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla ilə danışdıq. O “Sherg.az”a bildirdi ki, icbari tibbi sığorta sosial müdafiənin mühüm bir elementidir:

“İcabari tibbi sığorta səhiyyə xidmətinin elə bir növüdür ki, onsuz səhiyyəni qərb standartları səviyyəsində təsəvvür etmək mümkün deyil”.

A.Qeybulla hesab edir ki, icabari tibbi sığortaya nəzarət edən qurumlarda  müəyyən boşluqlar var:

“Dövlətin ayırdığı və əhalidən yığılan vəsait hesabına bu sığortanı effektiv şəkildə həyata keçirmək olardı. Ümumiyyətlə verilən tezislərdə - kim daha çox xəstəyə baxsa, o daha çox maaş alacaq fikri, əhalinin kateqoriyalara bölünməməsi, əhali arasında konkret xidmətlərin yaranmaması, əhalinin sığorta polisi deyilən vəsiqə ilə təmin edilməməsi və.s bunların hər biri buraxılmış boşluqlardır”.

Doktor qeyd edib ki, icabari tibbi sığortadakı nöqsanları dilə gətirmək lazımdır:

 “Ayrı-ayrı rəsmilərin, bəzi xəstəxana rəhbərlərinin əsassız danışmağına ehtiyac yoxdur. Bu onları daha da pis vəziyyətə qoyur. Biz hamımız bu nöqsanlardan danışmalıyıq ki, bu vəziyyəti tezliklə qaydaya sala bilək”.

Çimnaz ŞAHLAR