QORUNUN! - “Omicron”un əlamətləri və nəticələri aydın deyil”  

Koronavirusun “ommicron” ştammı sürətlə yayılır və yoluxanların sayı artır. Artıq dünyada xüsusi tədbirlər görülür. Hətta Britaniya hakimiyyəti ölkədə məhdudiyyətlər tətbiq edib. “Omicron” ştammının çox sürətlə yayılmasının qarşısını almaq üçün Hollandiyada ciddi karantin rejimi tətbiq ediləcək. Qonşu ölkələrdə - Gürcüstan, Türkiyə və İranda da yoluxma halı aşkarlanıb.

Bəs Azərbaycanda “omicron” ştammının qarşısını almaq üçün hansı addımlar atılmalıdır?  

Sualımızı cavablandıran Tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla “Sherg.az”a bildirib ki, “SARS 2” virusu “SARS-Cov-19” xəstəliyini törədib və pandemiya yaradıb:

“Çünki bu RNT genomlu virusdur. Ona görə də mutasiya qabiliyyətinə malikdir. Nə qədər ki, bütün dünyada kollektiv immunitet formalaşmayıb, kütləvi vaksinasiya tətbiq olunmur, mutasiya davam edir. Bu mutasiya variantları o ölkələrdə gedir ki, orada vaksinasiya zəifdir, karantin qaydaları gözlənilmir. Həmin ölkələrdən digərlərinə yayılır. "Omicron" ştammı xüsusi bir özəlliyi ilə digərlərindən fərqlənmir. Zəifləmə tendensiyası var. Düzdür, bu ştamma yoluxma nəticələri hələ yaxın vaxtlarda bilinəcək. Çünki yoluxmuş şəxslərdə əlamətlər və nəticələri hələ aydın deyil”.  

Professor alimlərin gəldiyi qənaətdən də söz açıb:

“Bu virus "Delta" ştammı qədər öldürücü və yoluxucu olmayacaq. "Omicron"un "Delta"dan zəif olması, pandemiyanın süstləşməsi istiqamətinə ümid yaradır. Boğaz və baş ağrıları, diareya, mədə-bağırsaq pozuntuları daha çox törətdiyi xəstəliklərdir. Ona görə də, karantin qaydalarına riyaət etmək mütləqdir”. 

Cəmilə ƏZİM