Səhiyyədə  növbəti ilə qalan problemlər: icbari tibbi sığorta, dərmanların keyfiyyəti...

2021-ci ilin başa çatmasına sayılı günlər qalıb. Bu il ölkəmizdə siyasi,iqtisadi, sosial və səhiyyə həyatında müsbət və ya mənfi olmaqla müəyyən proseslər baş verdi. Hər bir sahə özünəməxsus olaylarla yadda qaldı. Maraqlıdır,ötən bir ərzində tibb sahəsində hansı gəlişmələr oldu?

Tibb elmləri doktoru, professor Adil Qeybulla bu barədə “Sherg.az”a danışarkən əvvəlcə tibb sahəsində qazandığımız müəyyən uğur və nöqsanlara diqqət çəkib: 

“Biz Zaqafqaziyada vaksinasiyaya başlayan ilk ölkə olduq. Həqiqətən də bu gün ən intensiv vaksinasiya Azərbaycanda gedir. Bu sahədə müəyyən uğurlar əldə olundu.Təbii ki, çatışmazlıqlar da oldu. Ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə başlanıldı. Proses hələ tam təşəkkül tapmasa da, narazılıqlar, çatışmazlıqlar olsa da, hər halda bu işin başlanılması böyük addım oldu. Azərbaycan vətəndaşlarının sosial müdafiəsində mühüm rol oynayan bir elementin icbari tibbi sığortanın tətbiqi olduqca önəmlidir. Əlbəttə, bu iş daha da təkmilləşməlidir”. 

A.Qeybulla hesab edir ki, pandemiya ilə mübarizə icbari tibbi sığortanın tətbiqi işinə xeyli mane olub və postpandemiya dövründə bu proses daha detallı qurulacaq . Professor  səhiyyə sahəsindəki bu il də həllini tapmayan bir sıra məsələlərə toxunub: 

“Dərman bazarında xaos davam edir.Pandemiya təcrübəsi bizim dərman bazarının etibarlı olmadığını göstərdi. Hazırda dərman maddələrinin keyfiyyət parametrləri aşağı olmaqda davam edir. Burda hələ ümumi bir sistem qurulmayıb.Səhiyyə sahəsindəki  əsas yüksək göstərici Bakı və Abşeron yarımadasındadır. 
Rayonlar hələ də xeyli geridədir. Onları Bakı səviyyəyəsinə çatdırmaq üçün növbəti ildə xeyli iş görülməlidir”.