Ana da ölü, körpə də:“Həkim biganə yanaşır, pasiyenti vaxtında dinləmir”

Siyəzəndə 33 yaşlı qadın və bətnindəki körpə ölüb. Hadisə rayon ərazisindəki xəstəxanada qeydə alınıb. Şəbnəm Zeynalova yaşadığı Yenikənd kəndindəki evdən 38 həftəlik hamiləliklə xəstəxanaya çatdırılıb. Yaranmış ağrılardan Ş.Zeynalova və bətnindəki övladı ölüb. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Doğuş zamanı baş verən ölüm halları barədə “Sherg.az”a danışan həkim-ginekoloq Təranə Həsənova bildirib ki, hamiləlik əvvəl başqa adlanırdı:

“İndi isə eklampsiya və preeklampsiya hamiləliyin ən qorxulu xəstəlikləri sayılır. Qadınların yavaş-yavaş əli, üzü şişir, arterial təzyiq qalxır, sidikdə zülal olur. Bunu başa düşmürlər. Daha çox 30-cu həftədən sonra rast gəlinir. Həkimlər məhz bunu nəzərdə tuturlar. Qadında zülal çox yüksək həddə çatır. O da uşağı bətndə inkişafdan saxlayır. Qan dövranını demək olar ki, pozur. Amma xaricdən baxdıqda hər şey öz qaydasında görünür. Qadın xəstəxanaya daxil olarkən baxırlar ki, arterial təzyiq məsələn, 180, aşağısı isə 110-dur. Pasiyentin yaxınları həkimi günahlandırırlar. Deyirlər ki, xəstənin heç nəyi yox idi, öz ayağı ilə gətirmişdik. Həkimlər arterial təzyiqi aşağı salmağa cəhd etsə də, bəzən alınır. Bəzi hallarda isə alınmır. Beyin-qan dövranı pozulur deyə nəinki uşaq, ana da ölür. Bu, tez-tez rast gəlinən və ən ağır patologiya sayılır. Bundan başqa digər daxili orqanların xəstəlikləri də mövcuddur. Onlar xaricdən bilinmir. Problemlər də buradan yaranır”.

T.Həsənova qeyd edib ki, həkim səhlənkarlıq edərək doğuş zamanı uşağın gəlişinə fikir verməyə bilər:

“Körpənin müxtəlif - baş, çanaq, köndələn, çəp və s. gəlişləri var. Əgər həkim bunlara diqqət yetirməzsə, doğuşun gedişatında özünəməxsus ağırlaşmalar ola bilər. 

Bildiyimiz kimi ölümün yaşı cavanlaşıb. Bunun səbəbi bir həkim kimi mənə məlum deyil. Hamilə qadın normal vəziyyətdə doğum şöbəsinə qəbul olur, doğum sancıları çəkir. 

Qəflətən uşağın ürək döyüntüsü ana bətinində pisləşir. Həkim 80 faiz səbəbi anlaya bilmir. Belə olduğu halda xəstənin yaxınları yenə də həkimi suçlayır. 

Ancaq həkim problem olduğunu anlayanda və həkimin əlində imkan olarsa, əməliyyat otağı açıqdırsa, xəstəni otağa aparır. Çatdıra bilirsə, uşağı qeysəriyyə əməliyyatı edir. Məsələn, əməliyyat otağı bildiyimə görə rayonlarda daim hazır vəziyyətdə deyil. Müəyyən qədər vaxt itirmə ola bilər.

  Yaxud da bunların heç biri yoxdur. Həkim biganə yanaşır. Vaxtında pasiyenti dinləmir. Aydın məsələdir ki, belə olduqda uşaq itiriləcək”.