Koronavirus və donuz qripinin simptomlarını necə fərqləndirək? - İZAH

Donuz qripinin (İnfluenza) əlamətləri hansılardır? Qrip neçə gündə baş qaldırır, nə qədər davam edir?
 “Sherg.az” “CNN Türk”ə istinadən xəbər verir ki, son zamanlar koronavirus və donuz qripinin simptomları qarışdırılır. Donuz qripi yüngül və ağır xəstəliklərə, hətta bəzən ölümə də səbəb ola bilər. Yaxşı, donuz qripinin (qrip) əlamətləri hansılardır? Qrip neçə gün davam edir? 
Xüsusilə uşaqlar arasında yayılan bu qrip haqqında məlumat çoxlarını maraqlandırır. Son günlər Covid-19 ilə səhv salınan donuz qripinin simptomları birdən-birə ortaya çıxır. Özəlliklə də uşaqlara təsir göstərir. Soyuqdəymədən fərqli olan bu xəstəliyin əlamətləri digər epidemiyalara bənzəyir.
Adıçəkilən xəstəlikdən qorunmağın ən yaxşı yolu hər il qripə qarşı peyvənd etməkdir. İnfluenza insanlarda tənəffüs yolları xəstəliklərinə səbəb olan virusdur. Ümumiyyətlə, A, B, C və D olmaqla dörd alt tipdə araşdırılır. Bu alt tiplərdən A və B mövsümi qrip adlanan xəstəliyə səbəb olur.

Qrip olan insanlar tez-tez bu simptomların bir qismini və ya hamısını hiss edirlər:
-Qızdırma və ya üşütmə
-Öskürək
-Boğaz ağrısı
- Burun axması və ya tıxanması
-Əzələ və ya bədən ağrıları
-Baş ağrısı
- Zəiflik
-İştahsızlıq

Bəzi insanlarda qusma və ishal ola bilər. Lakin bu, böyüklərdən daha çox uşaqlarda baş verir. Qeyd edək ki, qrip olan hər kəsin qızdırması olmalıdır deyə bir iddia yoxdur.
Azyaşlılarda donuz qripinin bir çox əlamətlərinə rast gəlinir: nəfəs almaqda çətinlik, narahatlıq, yuxudan oyanmaq istəməmək, maye qəbulundan qaçınmaq.

Donuz qripi nəfəs borusundan başlayaraq yuxarı tənəffüs yolları boyunca iltihablı dəyişikliklərə yol açır. Zamanla aşağı tənəffüs yollarına keçə bilir.

Viruslar orqanizmə daxil olduqdan sonra çoxalmağa başlayır. Bu çoxalma müddəti inkubasiya dövrü adlanır. Donuz qripinin inkubasiya dövrü 1-4 gün arasında dəyişir, orta hesabla 2 gün olur. Bəzi fərdlərdə 7 günə qədər də davam edə bilər.
Qripə yoluxmuş insanlar xəstəliyin başlamasından sonra ilk 3-4 gün içində digərlərini yoluxdura bilərlər. 
Donuz qripi olan insanların əksəriyyəti bir neçə gündən iki həftədən az müddətə qədər zaman kəsiyində sağalır. Lakin bəzi insanlarda qripdən (məsələn, sətəlcəm kimi) ağırlaşmalar inkişaf edir. Bəziləri üçün isə həyatı təhlükə yaradıb, ölümlə nəticələnə bilər.

Sinus və qulaq infeksiyaları qripin orta ağırlaşmasına misaldır. Pnevmoniya qripin ciddi bir komplikasiyasıdır. Tək qrip virusu yox, eyni zamanda bakteriyaların birgə infeksiyası nəticəsində yarana bilər. Qripin yaratdığı digər potensial ciddi ağırlaşmalara ürəyin (miokardit), beyinin (ensefalit), əzələ toxumalarının (miyozit, rabdomiyoliz) iltihabı və çoxlu orqan çatışmazlığı (məsələn, tənəffüs və böyrək çatışmazlığı) daxildir. Tənəffüs yollarının qrip virusu infeksiyası orqanizmdə həddindən artıq iltihablı reaksiyaya səbəb ola bilər. Bununla da sepsis xəstəliyi yaranar. Qrip xroniki tibbi problemləri də pisləşdirməyə şərait yaradar. Məsələn, astmalı insanlar qripə yoluxduqları zaman astma tutmaları, xroniki ürək xəstəliyi ilə qarşılaşmaları ehtimalı var.

Donuz qripinə hər kəs, hətta sağlam insanlar da yoluxa bilər. Ancaq bəzi insanlarda xəstəliyin ciddi fəsadlarının inkişaf riski daha yüksəkdir. Buraya 65 və yuxarı yaşlı, müəyyən xroniki xəstəlikləri (astma, diabet və ya ürək xəstəliyi kimi) olan istənilən yaş qrupu, hamilə qadınlar və 5 yaşından kiçik, xüsusilə 2 yaşdan kiçik uşaqlar daxildir.