Koronadan sonra “Omikron” da gəldi


Vüqar Cavadzadə: "Birində yoluxuculuq, digərində ölüm çox ola bilir"

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.
Bildirilib ki, ölkəmizdə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində virusun genetik variantlarına dair mütəmadi analizlər aparılır, ölkə üzrə peyvəndlənmə prosesi davam edir.
Koronavirusun mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni “Omikron” variantı bütün dünyada olduğu kimi Azərbaycanda da ciddi narahatlıq doğurur.

Virusun aşkarlanması ilə bağlı “Şərq”ə açqlama verən infeksionist Vüqar Cavadzadə “Delta” ştammına və ya “Covid-19” virusunun özünə nisbətən “Omikron” ştammının yoluxuculuğunun təqribən 4 dəfə çox olduğunu bildirib:

 “Bu xəstəlikdə ölüm halları “Covid-19”, “Delta” və “Delta+” ştamlarına nisbətən azdır. Yəni digər ştamlar qədər öldürücü deyil. Təhlükəli tərəfi sadəcə ondan ibarətdir ki, yolxuculuq çoxdur. Qısa müddət ərzində çox sayda insanın yoluxmasına səbəb ola bilir. Buna görə də narahatlığa, insanların panikaya düşməsinə bir o qədər də əsas yoxdur. 
Ancaq gələcəkdə uşaqlar arasında, orta yaş və yaşlı insanlar qrupunda arta və rəqəmlər indiki göstəricilərdən bir neçə dəfə çox ola bilər. Düşünürəm ki, sərt karantin tədbirlərini tətbiq etməyə lüzum olmayacaq. Müəyyən lokal qapanmalar ola bilər. Ancaq tam qapanma, SMS icazə və s. olacağını hesab etmirəm”. 

İnfeksionist eyni zamanda bildirib ki, “Omikron” ştammını aşkar etmək üçün ayrıca bir müayinə üsulu lazım deyil: “Bu hamımızın bildiyi Polimeralı Zəncirvari Reaksiya (PZR) vasitəsilə aşkar edilir. Sadəcə ola bilsin ki, orada ayrı-ayrı reaktivlərdən və başqa elementlərdən istifadə olunur”. 

Vüqar Cavadzadə ÜST-nin cari ilin mart ayında pandemiyanın tamamilə bitəcəyi ehtimalı ilə bağlı açıqlamasına münasibət bildirərkən qeyd edib ki, pandemik infeksiyalara əvvəlcədən proqnoz vermək düzgün deyil. 

“Ümumdünya Səhiyyə Təşkilatı bir neçə dəfə də belə proqnoz vermişdi. Ancaq deyilənlər tamamilə əksinə oldu. Bundan sonra da yeni variantlar əmələ gələcək. Bu, virusların bioloji xüsusiyyətləridir. Yeni ştamlar əmələ gəlir. Birində yoluxuculuq, digərində ölüm çox ola bilir. Bu, həmin virusların mutasiyasından asılıdır. Bu cür proqnozlar tibb aləmində özünü doğrultmur”- deyə infeksionist bildirib.

Sənan İsmayıl