“Səhiyyə naziri və yeni müavinləri ortaya proqram qoymalıdırlar”

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə səhiyyə nazirinin müavinləri vəzifələrindən azad olunublar.Bununla bağlı Səhiyyə Nazirliyi məlumat yayıb. Sərəncamlara əsasən, Nigar Ramiz qızı Əliyeva, Elsevər Məmməd oğlu Ağayev, Rahim Rafail oğlu Əliyev,Viktor Kərimoviç Qasımov tutduqları vəzifədən azad ediliblər. Eyni zamanda Səhiyyə nazirinə üç yeni müavin- İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov təyin olunub.

İctimai-siyasi xadim, həkim Zəlimxan Məmmədli  yeni təyinatlardan “Sherg.az”a danışarkən bildirib ki, hazırda səhiyyə sistemimizdə daha ciddi islahatlara ehtiyac var:

“Kadr siyasəti prosesə müəyyən təkan verə bilər, amma  əvvəla biz bəzi suallara cavab  tapmalıyıq. Pullu yaxud da pulsuz səhiyyə xidməti olcaqmı? Dövlət səhiyyə müəssisələrinin strukturları onların statusu dəyişəcəkmi?
Əhalinin hardasa 80 faizi ilkin olaraq yaşadığı ərazidəki  polikniklara müraciət edir. 

Bəs orada bundan sonra hər hansısa bir dəyişiklik olcaqmı? Bütün bunlarda dəyişiklik olmasa, bu nazir müavinlərinin dəyişməsinin də bir önəmi olmayacaq”.

Z.Məmmədlinin fikrincə, səhiyyə nazirinin özü və onun müavinləri köhnələrdən nə ilə fərqlənəcəklərinə dair ortaya konkret bir proqram qoymalıdırlar:

 “Onlar əhalinin sağlıq durumunun qorunması üçün konsepsiyalar təklif etməlidir. Bunlar da cəmiyyətin ictimai müzakirəsinə verilməli, təkliflər dinlənilməlidir. O zaman prosesdə pozitiv nələrəsə ümid ertmək olar”.

Həkim kadr dəyişikliyinin  icra hakimiyyəti başçıları ilə bağlı da həyata keçirildiyini, amma bunun heç  bir effekt vermədiyini diqqətə çatdırıb. Onun sözlərinə görə  belə dəyişikliklər daxili islahatlardır və fundamental xarakter daşımır: 

“İndi səhiyyənin yeni dönəmdəki  yeri ,rolu ,funkisyası onun əhaliyə daha yaxşı xidmət etməsi istiqamətində düşünmək lazımdır. Yeni təyin olunan nazir müavinləri də funksional olaraq köhnələrin işlərini davam etdirəksə, təbii olaraq ölü səhiyyəmizdə müsbətə doğru heç nə dəyişməyək” .