Bölgələrdə həkimlər azdır! – “Xaricə beyin axını güclənib” - SƏBƏBLƏR SADALANDI

Zəlimxan Məmmədli:“Tibb işçisi poliklinikada 300 manat əmək haqqı alırsa, yeri gələndə də onu gözümçıxdıya salırlarsa, o əlbəttə ki, buranı tərk edəcək”

 Sərdar Cəlaloğlu:“Təəssüf olsun ki, artıq  merkantilizm elə bir prinsipə çevrilib ki, insanlar öz vətəndaşlıq hislərini saxlaya bilməyiblər”



İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov  bildirib ki, Azərbaycan bölgələrində ixtisaslaşmış həkim çatışmazlığı hələ də  var. 
Onun sözlərinə görə, ölkədə əsas multidisiplinar xəstəxanalar Bakıda yerləşdiyindən insanlar tibbi xidmət almaq üçün regionlardan Bakıya gəlirlər: "Məqsədimiz odur ki, bölgələrdə də multidisiplinar xəstəxanalar yaradaq və regionlardan insanların Bakıya gəlməsinə ehtiyac qalmasın”.

Xatırladaq ki, son illər işləmək üçün xarici ölkələrə üz tutan azərbaycanlılar arasında həkimlər də say etibarilə çoxluq təşkil edir. Hələ Alman Tibb Assosiasiyasının təkcə 2017-ci illə bağlı hesabatında bildirilib ki, Almaniyada işlə təmin edilən xarici həkimlərin sayı 9,7 faiz artıb. Onların da arasında 108 nəfər Azərbaycanlı həkim olub. Bəllidir ki, ölkə həkimlərinin xaricə gedişinin qarşısını almaq üçün tədbirlər görülsə, müəyyən mənada bölgələrdəki ixtisaslaşmış həkim çatışmazlığı problemini də aradan qaldırmaq  olar.

Həkim, ictimai-siyasi xadim Zəlimxan Məmmədli mövcud problemlə bağlı “Sherg.az”a danışıb.
O bildirib ki, həkim yetişdirmək asan məsələ deyil:

“Bizim ölkədən xaricə gedən həkimlər orada kifayət qədər nüfüz sahibi olurlar. Deməli, burada onların intellektual imkanlarından yaxşı istifadə olunmur. Bu da səhiyyənin yanlış kadr siyasəti ilə bağlıdır. Əgər həkim poliklinika300 manat əmək haqqı alırsa, yeri gələndə də onu gözümçıxdıya salırlarsa, o əlbəttə ki, buranı tərk edəcək. Onlar da sosial rifah axtarırlar. Həkimin əməyinə qiymət vermək lazımdır”. 

Z.Məmmədli təəssüflə qeyd edib  ki, Azərbaycanda bu və ya digər sahədə olan ciddi boşluqlara görə kadarların əks axını baş verir:

“Biz dünyadan daha təcrübəli kadrları gətirib, onların təcrübəsindən istifadə etməklə yanaşı öz əlimizdəkinin də qiymətini bilməliyik. Perspektivli həkimlərinimiz ölkəmizdə perspektiv görmədiyi üçün xaricə üz tuturlar. Bu məsələ həll olunsa, onlar ölkədə qalıb vətənin çiçəklənməsində iştirak edər”. 

Azərbaycan Demokratik Partiyasının(ADP) sədri, həkim Sərdar Cəlaloğlunun qənaətincə, hər şeydən öncə insanlarda ictimai şüur olmalıdır: 

“Öz millətinə,xalqına xidmət etmək üçün şəxs hər cür çətinliklərə dözməlidir. Amma çox təəssüf olsun ki, artıq  merkantilizm elə bir prinsipə çevrilib ki, insanlar öz vətəndaşlıq hislərini saxlaya bilməyiblər. Ona görə də harda həyat yaxşıdırsa,hamı ora qaçır”. Onun fikrincə,Azərbaycanda  həkimlər çox yaxşı yaşayır :“Xüsusən ixtisaslaşmış həkimlər qədər varlı yaşayan kimsə yoxdur”.