Əhaliyə texniki kartof yedizdirilir! – Yerli məhsullar niyə qəhətə çıxıb? - “Günahkar nazirlikdir”

 “Altay” Sosial Araşdırmalar Mərkəzinin sədri Elçin Bayramlı Feysbuk hesabında yerli kartofların bazardan çıxarılması ilə bağlı paylaşım edib. O qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi (KTN) yerli kartofun yoxa çıxması ilə bağlı suala cavab verməyib:
"Kənd Təsərrüfatı Nazirliyi son 1 ildə yerli kartofun hara yoxa çıxdığı və əhaliyə niyə xaricdən gətirilmiş texniki sort heyvan kartofu yedirildiyi haqda suala hələ cavab verməyib?”

Mövzu kifayət qədər aktual olduğu üçün E.Bayramlı ilə əalqə saxlayıb ətraflı münasibət öyrəndik. 

O “Sherg.az”a açıqlamasında bildirdi ki, müxtəlif maneələr yaradılaraq yerli məhsul istehsal edənlərin qarşısı alınır:
“Dünyada müəyyən standartlar var ki, həmişə yaxşı məhsullar əhalisinin maddi imkanı yüksək olan dövlətlərə ixrac edilir. Azərbaycan da yaxşı məhsullarını xarici ölkələrə satır. İdxalçı monopolistlər İrandan, Belarusdan, Pakistandan ucuz kartofları alıb Azərbaycanın yerli bazarında baha qiymətə təklif edirlər. Əgər özümüzü məhsulla təmin etsək, xarici malları bazarlarımızda sata bilməyəcəklər. Ona görə də, onlar yerli istehsalın sıradan çıxmasında maraqlıdırlar. Əkinçilərə suvarma sistemində, bazarlara çıxışda problemlər yaradılır. Onlar da mallarını ucuz qiymətə satmaq məcburiyyətində qalırlar. Bu da onlara sərf etmir. Nəticədə, yenidən məhsul əkmirlər”.
Ekspertin fikrincə, bu məsələdə əsas günahkar Kənd Təsərrüfatı Nazirliyidir:
“Bu məsələdən KTN, Meliorasiya və Su təsərrüfatı ASC, yerli icra orqanları məsuliyyət daşıyır. Kənd Təsərrüfatı Nazirliyinin vəzifəsi aqrar sektoru qorumaq, inkişaf etdirməkdir. Suvarma sistemində ciddi problemlərin olmağı  torpaqların şoranlaşmasına səbəb olur. KTN vəzifəsini yerinə yetirə bilmirsə, ləğv edilsin”.
E.Bayramlı problemin həll yolunu da göstərib:
“Azərbaycanda 100 minlərlə əkinçi zərərlə işləyir, qazananlar isə dəllallardı. Bu səbəbdən idxaldan asılı qalırıq. Zamanla da aqrar sektoru itiririk. Məhvin qarşısını almaq üçün Bakı şəhərində böyük daimi yarmarkalar təşkil edilməlidir. Digər şəhərlərdə də 2-3 daimi yarmarkaların olması yaxşı olar. Bu yarmarkalara yalnız öz məhsulunu istehsal edən fermerlər buraxılmalıdır. Məhsulunu rahatlıqla, uyğun qiymətə satan fermer növbəti il daha çox məhsul əkəcək. Müəyyən yardımların da edilməsi vacibdir. Bu gün neft satışındən əldə edilən gəlirlə xaricdən məhsul ala bilirik. Neftin qiyməti aşağı düşəndən sonra xaricdən də məhsul ala bilməyəcəyik”.

Xanlar ƏLİBƏY