Apteklərdə satılan koronavirus testləri etibarlıdır, yoxsa yox? - AÇIQLAMA

Son günlər koronavirusa yoluxma sayında artım müşahidə edilir. Təbii olaraq insanlar təlaşlanır və test verərək virusa yoluxub yoluxmadıqlarını öyrənməyə çalışırlar. PCR testlərinin verilməsi baha olduğundan vətəndaşlar daha çox apteklərdə satılan ekspress testlər alaraq koronavirusa yoluxub-yoluxmadıqlarını yoxlayırlar. 

Maraqlı məqam isə budur ki, bəzən bu testlərin cavabı neqativ çıxsa da, eyni şəxs PCR testi verdiyində cavab pozitiv çıxır. Buradan belə bir sual yaranır ki, bu testlərin cavabı ucuz olduğu üçün qeyri-dəqiq çıxır yoxsa bu iddialar əsassızdır?

Ümumiyyətlə ekspress testlərin nəticələrinin rəsmi olaraq cavab hesab olunmadığını bilirik. Bəs etibarlılıq məsələsi necə, kifayət qədər etibarlıdırmı?

Məsələ ilə bağlı TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ekspress testlərdən bütün dünyada istifadə olunur, lakin onların dəqiqliyi PZR testləri ilə müqayisədə zəifdir:

“Azərbaycan da bu testləri sınaqdan keçirib. Sınaq zamanı məlum olub ki, sözügedən testlər virus yükü aşağı olan, yeni yoluxmuş və ya sağalma dönəmində olanlarda neqativ çıxır. Kəskin qızdırmalı aktiv xəstələrdə isə nəticə pozitiv ola bilər. Bu səbəbdən həmin testlərin istifadəsindən imtina olunub. Və hazırda ölkəmizdə təsdiqləyici test kimi PZR testləri qəbul edilib. Çünki, bu testlər ÜST tərəfindən koronavirusu aşkarlayan ən yüksək keyfiyyətli test kimi qiymətləndirilib.

Bununla belə, ev şəraitində insanların ekspress testlərdən istifadə etməsinə hər hansı qadağa qoyulmayıb. Bu, hər kəsin şəxsi istəyinə bağlı məsələdir. Ümumiyyətlə, bu cür ekspress testlərdən bir çox xəstəliklərdə istifadə edilə bilər”.